Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
NOCOMMENT.az Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, karantin rejiminin müddəti gələn il yanvarın 1-dən aprelin 1-dək uzadılıb.
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.
Bu hadisə quru sərhədlərin bağlı olması mövzusunu yenidən gündəmə gətirib. Bəzi ekspertlər və ictimaiyyət nümayəndələri quru sərhədlərin bağlı olmasının təhlükəsizlik məsələlərinə təsir etdiyini bildirir.
Rəsmilər sərhədlərin bağlı qalmasını təhlükəsizlik və sağlamlıq tədbirləri ilə əsaslandırırlar. Quru sərhədlərin açılması və karantin rejiminin davam etdirilməsi ilə bağlı qərarlar ölkədəki epidemioloji vəziyyət və təhlükəsizlik məsələləri nəzərə alınaraq qəbul edilir.
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı fikirlərini bölüşüb:
“ADY-dən açıqlama var ki, quru sərhədlər açılarsa, Bakı-Tbilisi-Bakı qatar reysi bərpa ediləcək. Çox güman, həm də Şimali Qafqaz istiqamətinə də reyslər tezliklə bərpa oluna bilər. Digər məlumata görə, AYNA Bakı-Naxçıvan istiqamətində İrandan keçməklə avtobus reyslərinin də sayını artırır – bu da pozitiv xəbərdir.
AZAL təyyarəsi ilə baş verən faciənin şokunu hələ də yaşamaqdayıq. Rusiyanın tarixi və ənənəvi davranışının bir daha şahidi olduq, namərdcəsinə törətdikləri əmələ cavabdeh olmaq istəmirlər və Azərbaycan dövləti də haqlı əsaslarla Rusiya istiqamətinə bir çox təyyarə reyslərini təxirə saldı. Rusiya üzərindən uçmaq təhlükəlidir – bunu artıq bir çox ölkələr də anladı, onlar da Rusiya istiqamətinə reysləri təxirə saldılar.
Rusiya son 200 ildən artıq bir zaman kəsimində daim təhlükələrin gəldiyi, tarix boyu millətimizə faciələr yaşadan, tez-tez adı dəyişsə də, mahiyyəti dəyişməyən bir “imperiyadır”. Amma bir reallıq da var – tarixən formalaşmış əlaqələr də var, əsasən də sərhədyanı bölgələrdə qohumluq əlaqələri olan minlərlə ailələr var. Şimali Qafqazda yaşayan soydaşlarımız var, indi hava nəqliyyatı ləğv edildi – bir daha bunu doğru qərar sayıram, hətta Rusiya üzr istəsə belə, təhlükəsizlik məsələsinə görə Rusiyanın Ukraynaya təcavüzkar müharibəsi bitməyincə, bu reyslər açılmamalıdır.
Ancaq insanların yaşaya biləcəyi problemləri nəzərə alsaq, ilkin mərhələdə məhz elə dəmir yolları ilə Şmali Qafqaza qatar reyslərini açmaq lazımdır. Qatarlarda yoxlamaların daha düzənli və sərt olduğunu nəzərə alsaq, quru sərhədləri bağlı saxlamaq üçün səsləndirilən “təhlükəsizlik” arqumentini də nəzərə almaq olar. Hərçənd, mən bu məsələyə başqa cür baxıram – Azərbaycanda hüquq-mühafizə orqanları kifayət qədər güclüdür, açıq sərhəd rejimində də ölkənin təhlükəsizliyini təmin edə bilərlər, sadəcə, görünür, hökumət belə düşünmür. Ailələr var ki, toya-yasa getmək, bayramlaşmaq istəyirlər, dəmir yolları ilə bu məsələni həll etmək olar. Çünki ADY son zamanlar öz effektiv fəaliyyəti ilə ciddi altyapı layihələri həyata keçirib, qısa zamanda bu reysləri təşkil edə bilər”.
İqtisadçı əlavə edib ki, Gürcüstan istiqamətində də olmalıdır:
“Heç olmasa ilkin mərhələdə dəmir yolları açılmalıdır, ADY və digər dövlət-hökumət qurumları buna hazırdır, vətəndaşlar üçün də ciddi məmnuniyyət doğuran faktor olar.
Quru sərhədlərin açılmasına dəmir yolları ilə start vermək lazımdır. Artıq 5 ilə yaxındır öz peşəkar fəaliyyətləri ilə məşğul olmayan qurumlar da bir az “məşq” etsinlər, öz peşələrini unutmasınlar. Növbəti addım isə quru sərhədlərin tam açılması, bu məsələdən birdəfəlik qurtulmaq olmalıdır”.