Xəbər verdiyimiz kimi, fevralın 19-da Ramazan ayının ilk günüdür. Müqəddəs ayın ilk imsak vaxtı 06:04-ə, iftar isə 18:34-ə təyin olunub. Ramazan ayı müsəlmanlar üçün təkcə aclıq və susuzluq deyil, həm də səbir, nəfsə nəzarət, mənəvi saflaşma və Allahla bağlılığın güclənməsi dövrüdür.
Lakin hər il olduğu kimi, bu il də cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri sağlamlıqla bağlıdır: kimlər oruc tuta bilər, kimlər üçün isə oruc tutmamaq günah sayılmır?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan dini ekspert Kənan Rövşənoğlu qeyd edib ki, İslam dini insan sağlamlığını qorumağı əsas prinsiplərdən biri kimi qəbul edir:
“Qurani-Kərimdə xəstə və səfərdə olan şəxslərə orucu təxirə salmaq və sonradan qəza etmək icazəsi verilib. Əgər xəstəlik davamlıdırsa və insanın sağalması mümkün deyilsə, həmin şəxs oruc tutmaqdan azaddır və fidyə verməklə bu ibadətin əvəzini yerinə yetirə bilər. Ürək əməliyyatı keçirmiş, şəkərli diabetdən əziyyət çəkən, təzyiq, böyrək, onkoloji və digər xroniki xəstəlikləri olan insanlar özlərini riskə atmamalıdırlar. Bəzən insanlar ‘özümü yaxşı hiss edirəm’ deyərək həkim tövsiyəsinə baxmayaraq oruc tutur. Halbuki insanın bədəni də Allahın ona verdiyi əmanətdir. Bu əmanətə bilərəkdən zərər vurmaq doğru deyil. Əgər oruc insanın sağlamlığı üçün təhlükə yaradırsa, onu tutmamaq günah sayılmır”.
Rövşənoğlunun sözlərinə görə, bəzi insanlar xəstəliyinə baxmayaraq oruc tutmağı daha çox savab qazanmaq kimi qiymətləndirir:
“Lakin İslamda ibadət insanın gücü və imkanı çərçivəsində olmalıdır. Sağlamlığa ciddi zərər verəcək şəkildə oruc tutmaq savab deyil. Əksinə, belə halda insan həm özünə, həm də ailəsinə qarşı məsuliyyətsiz davranmış olur. Din insanın həyatını və sağlamlığını qorumağı əsas məqsədlərdən biri kimi müəyyən edir”.

Mövzunun tibbi tərəfi ilə bağlı isə professor Adil Qeybulla NOCOMMENT.az-a açıqlama verib. Professor bildirib ki, sağlam insan üçün oruc müəyyən hallarda faydalı ola bilər, lakin xroniki xəstəliyi olan şəxslər üçün bu, ciddi risklər yarada bilər.
Onun sözlərinə görə, xüsusilə şəkərli diabet xəstələrində uzun müddət qida və maye qəbul edilməməsi qanda şəkərin kəskin enməsinə və ya qalxmasına səbəb ola bilər ki, bu da həyati təhlükə yaradır:
“Ürək-damar xəstəlikləri keçirmiş şəxslərdə uzunmüddətli susuzluq qan dövranına mənfi təsir göstərir, tromboz və təzyiq problemlərinin yaranma riskini artırır. Eyni zamanda daim dərman qəbul edən pasiyentlər oruc zamanı dərman saatlarını dəyişdikdə və ya qəbul etmədikdə ağırlaşmalarla üzləşə bilərlər. Xüsusilə illər əvvəl ürək əməliyyatı keçirmiş, stent və ya şunt qoyulmuş xəstələr diqqətli olmalıdırlar”.
Professorun sözlərinə görə, böyrək xəstələri, təzyiqdən əziyyət çəkənlər, yaşlı insanlar və immun sistemi zəif olan şəxslər də risk qrupuna daxildir:
“Hər bir xəstəyə eyni yanaşmaq olmaz. Bəziləri həkim nəzarəti ilə, düzgün qidalanma və dərman rejimi ilə oruc tuta bilər. Amma bəzi xəstələr üçün bu, ciddi təhlükə yaradır. Ona görə də oruc tutmazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır”.
Tunar
NOCOMMENT.az









