Ramiz Mehdiyev kolleci özəlləşdirib? – Təhsil Nazirliyindən açıqlamabackend

Ramiz Mehdiyev kolleci özəlləşdirib? – Təhsil Nazirliyindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırma zamanı Dövlət əmlakının reyestr sənədləri ilə tanış olarkən, Nərimanov rayonunda, T. Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisinin Ramiz Mehdiyevin ailəsi tərəfindən özəlləşdirildiyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, sənədlər Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızı adına rəsmiləşdirilib.

Qeyd edək ki, Mehdiyeva Nigar İsmayıl qızı Fövqəladə Hallar Nazirinin müavini Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) həyat yoldaşıdır.

Mövzunun ciddiliyini nəzərə alaraq Hit.Az Təhsil Nazirliyinin də mövqeyini öyrənib.

Bakı Humanitar Kollecinin ərazisinin özəlləşdirilməsi ilə bağlı əməkdaşımıza açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov xəbəri təəccüblə qarşılayıb.

“Necə özəlləşdirə bilər ki? Məktəbi özəlləşdirmək mümkün deyil axı. Kollec dövlət mülkiyyətində olan yerdir və onu özəlləşdirmək mümkünsüzdür. Ona görə də bu cür məlumatlar fikrimcə yanlışdır. Hansı vəzifə tutub tutmamasından asılı olmayaraq kiminsə dövlət mülkiyyətində olan kolleci özəlləşdirməsi mümkün olan məsələ deyil. Bu barədə kimlərin nə deməsini bilmirəm. Faktla tanış deyiləm”.

Təhsil Nazirliyi rəsmisinin açıqlamasının doğruluğunu yoxlamaq üçün mövzuya yenidən qayıdacağıq. (Hit.az)