Range Rover-lə 4 nəfərin ölümünə səbəb olan Kəlbəliyev hakim qarşısındabackend

Range Rover-lə 4 nəfərin ölümünə səbəb olan Kəlbəliyev hakim qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə ay öncə Novxanı-Sumqayıt yolunda “Range Rover” markalı 10 CO 002 nömrəli avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işinin istintaqı tamamlanıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim İlham Mahmudov sədrlik edəcək.

“Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, bu ilin iyununda Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” avtomobili toqquşub. Hadisə nəticəsində “Daewoo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. İş üzrə Emin Hüseynəliyev adlı şəxs də zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, hadisədən təxminən 20 gün sonra “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşı Gülnar Hüseynova 90 HN 009 nömrəli “Mercedes Gelandewagen‎” avtomobili ilə qəza törədərək “Nissan”a, daha sonra “Mercedes” və “VAZ” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.