Rasim Balayev bu vəzifəyə hazır olduğunu bildirdi – Açıqlamabackend

Rasim Balayev bu vəzifəyə hazır olduğunu bildirdi – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi yekdilliklə xalq artisti Rasim Balayevin sədrliyə namizədliyini irəli sürüb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib.

Onun sözlərinə görə, 12-15 may tarixləri arası idarə heyətinin iclası, iyun ayının 1-nə kimi isə ümumi iclas və səsvermə keçiriləcək.

“Biz hesab edirik ki, Rasim Balayev həm Azərbaycan xalqı, həm də Azərbaycan kinematoqrafçıları arasında çox böyük nüfuza malikdir. Bilirsiniz ki, biz dövlət tərəfindən maliyyələşən təşkilatıq. Bu baxımdan Rasim müəllim hökumət orqanları ilə işbirliyimizi daha da inkişaf etdirəcək nüfuzlu namizəddir. Eyni zamanda düşünürük ki, Rüstəm İbrahimbəyovun ruhu belə bir namizədin olmasına sevinir. Çünki Rüstəm müəllimin sədrliyi dönəmində Rasim müəllim uzun müddət İttifaqın birinci katibi olub.

Rüstəm İbrahimbəyov ilin çox hissəsini Azərbaycanda olmurdu və Kinematoqrafçılar İttifaqının idarəçiliyini Rasim Balayev edirdi. Bütün bunları nəzərə alaraq katiblik Rasim müəllimin namizədliyi üzərində dayanıb”.

Əli İsa Cabbarov qeyd edib ki, Rasim Balayev təvazökardır, vəzifə hərisi deyil, yaradıcı adamdır: “Amma Rasim müəllim Kinematoqrafçılar İttifaqının işini irəli aparmaq üçün hazır olduğunu bildirdi”.

Nizamnamə tələblərinə uyğun olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqının ali orqanı İdarə Heyətidir. İdarə Heyətinin 18 üzvü var. Cari işləri aparan icraçı isə katiblikdir. Katiblikdə 6 üzv təmsil olunur. İttifaqın üzvlərinin sayı isə 200-dür.

Katib hesab edir ki, Rasim Balayev ümumi iclasda iştirak edəcək ittifaqın 200 üzvünün də asanlıqla səs çoxluğunu qazanacaq.