Bayraktar Rusiya generalını və yanındakı zabitləri necə məhv etdi…

Bayraktar Rusiya generalını və yanındakı zabitləri necə məhv etdi…

Ukrayna Silahlı Qüvvələri Sum vilayətinin Trostyanets şəhərini bir ay davam edən işğaldan sonra Rusiya qoşunlarından azad ediblər. Şəhər uğrunda gedən döyüşlər zamanı Rusiya ordusu ağır itkilər verərək geri çəkilib.

Şəhər meri Yuri Bova bütün bu işğal günlərində Trostyanetsi tərk etməyib, işğalçılar onu hər yerdə axtarsalar da, gizlənə və partizan hərəkatına başçılıq edə bilib.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, 20 min əhalisi olan Trostyanets müharibədən əvvəl Ukraynada həyat səviyyəsi ən yuxarı olan, ən abad şəhərlər arasında yer alırdı. Rusiya işğalçıları şəhəri fevralın 26-da işğal edib. Mer deyir ki, ruslar şəhərə girəndən sonra o və komandası gizli fəaliyyətə keçib, faktiki olaraq partizan hərəkatına başlayıb.

“Bizim vəzifəmiz düşmən texnikasının artilleriyanın köməyi ilə məhv edilməsi üçün maksimal dəqiq koordinatları ötürmək idi. Əgər düşmən haradasa texnika qoyub gedirdisə, səhər qayıdanda onun sıradan çıxarıldığını görürdü. Son günlərə qədər şəhər üzərində bizim kvadrakoptermiz uçurdu, hədəfləri seçirdi. Ona görə də bu gün Trostyanets şəhərində və ətrafında yüzlərlə düşmən texnikası qalıb, onlar artıq heç yana gedə bilməzlər: nə Kiyevə, nə Xarkova”, – deyə mer nv.ua portalına müsahibəsində söyləyib.

Yuri Bova bildirib ki, işğal dövründə Rusiya ordusunun elit hissələri, o cümlədən Kantemirsk tank diviziyası şəhərdən keçib. Trostyanets Rusiya generallarından birinin fəaliyyət mərkəzi olub.

“Trostyanets düşmənin girə biləcəyi ən zəif nöqtə idi və belə də oldu. Bu nöqtə strateji idi, çünki bizim şəhərdən, qonşu qəsəbələrdən Axtırkanı, Sum şəhərinin ətraflarını atəşə tutmaq olurdu. Situasiyada dönüş nöqtəsi o zaman yarandı ki, bizim məlumatlarımıza görə, “Bayraktar”dan atılan raketlə Rusiya generalı və onu müşayiət edən zabitlər öldürüldülər, sağ qalanlar isə qüvvələrin qalıqlarını toplayıb şəhəri tərk etdilər. Onlar şəhər şurasının binasında yerləşmişdilər, komanda-qərargah maşınları binanın həyətində idi. İndi həmin maşınlardan geriyə metal yığını qalıb. Bizim hərbçilərimizin əldə etdiyi məlumatlara görə, Trostyanetsdəki itkilər Rusiyanın Qərb hərbi dairəsinin 1-ci tank ordusunun komandanı general-leytenant Sergey Kiselin vəzifəsindən azad olunması üçün bardağı daşıran son damla oldu. Kantemirsk diviziyası da həmin ordunun tərkibində idi”, – deyə şəhər meri bildirib.

Yuri Bova bildirib ki, işğalçılar yerli hakimiyyətin nümayəndələrini xeyli müddət axtarıblar, soruşublar – hanı mer? Mer isə heç yana getməmişdi.

“Bizdə böyük icma, 38 yaşayış məntəqəsi var, qonşu icmalar var, hərəsində bir-iki gün qalırdıq. Əgər öz yerimdə qalsaydım məni bir saat sonra tutardılar. Biz hər yerdə və heç yanda idik, bir yerdə çox ləngimirdik”, – deyə o əlavə edib.