Rusiya-Ukrayna hərbi münaqişəsinin 42-ci günü geridə qaldı. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin fonunda baş verən son yenilikləri açıqlayıb.
NOCOMMENT yeniavaz-a istinadən həmin məlumatları təqdim edir:
“İşğalçıların əsas səyləri Ukraynanın şərqində Donetsk və Luqansk vilayətləri ərazisinə tam nəzarəti bərqərar etmək məqsədi daşıyan hücum əməliyyatına hazırlığa yönəlib.
Düşmən Slobojanski, Donetsk, Pivdennobuzski və Tavriya istiqamətlərində fəallığını davam etdirir.
Slobojanski istiqamətində düşmən Xarkov şəhərini mühasirəyə almağa və artilleriya atəşinə tutmağa davam edib.
Donetsk və Tavriya istiqamətlərində düşmən Popasna qəsəbəsini artilleriyadan atəşə tutmaqda davam edir. Məqsəd Ukrayna Silahlı Qüvvələrinin bölmələrini məhv etmək və Rubijne, Nıjne və Novobaxmutivkada hücumu bərpa etməkdir. İşğalçılar Novotoşkivske qəsəbəsi ərazisində də qoşunlarımızın müdafiəsini yarmağa cəhd göstəriblər.
Cənub Buq istiqamətində düşmən əvvəllər işğal etdiyi sərhədləri müdafiə edir, bölmələrinin döyüş qabiliyyətini bərpa etmək üçün tədbirlər görür. Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində ciddi filtrasiya tədbirləri həyata keçirməkdə davam edir.
Çıxarılan rus bölmələrinin bir hissəsi Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd olan bir sıra rayonlarında çadır şəhərciklərində yerləşir. Hərbçilər Ukrayna ərazisində növbəti hərbi əməliyyatlarda iştirak etməkdən imtina edirlər.
Rusiyanın hərbi komissarlıqları 2012-ci ildən hərbi xidmətdən tərxis olunmuş və sürücü, mexanik-sürücü, kəşfiyyatçı və kiçik komandirlərin hərbi uçot ixtisaslarına malik olan çağırışçılarla işi gücləndirib. Komissiyalara çağırışın rəsmi səbəbi 3 ay müddətində göstərilən hərbi ixtisaslar üzrə təlim-məşq toplantısının keçirilməsidir. Həmçinin qondarma Dnestryanı Moldav Respublikası ərazisində Rusiya vətəndaşlığı olan əhali ilə müvafiq təbliğat işləri aparılır.
İşğalçılar müvəqqəti olaraq işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı zorakılıq tətbiq etməkdə davam edir. Mariupol əhalisi məcburi şəkildə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş rayonlarına deportasiya edilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən gün üç hava hədəfini vurub: qanadlı raket, PUA və döyüş təyyarəsi. Hərbi Hava Qüvvələri işğalçı qüvvələrə raket və bomba zərbələri endirməyə davam edib”.












