Bu gün repetitorluğu ali məktəbin “açarı” adlandırırlar.
Yəni hazırda ölkədə reperitorluq o səviyyəyə çatıb ki, ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin demək olar ki, 90 daizi məhz bu üsuldan yararlanır.
Bu gün artıq bir faktdır ki, şagirdlər məktəblə yanaşı repetitor yanına gedirlər. Bu baxımdan da abituriyentlərin uğurlarını məktəbin deyil, repetitorların uğuru hesab edirlər.
Bu gün repetitorluq qadağan edilsə, ali məktəblərə qəbul prosesində nə baş verəcək?
NOCOMMENT.az xəbər verir ki, Elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, problem orta məktəb sisteminin Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul proqramlarına uyğun gəlməməsidir:
“Məsələn, 11-ci sinifdə təhsil alan şagird həm fizika, həm kimya, həm də biologiyanı öyrənir, ancaq o, III qrupdan imtahan verəcək. Yəni bu fənləri də, III qrupun fənnlərini də öyrənir. DİM isə 5-ci sinifdən 11-ci sinifədək olan dərsləri soruşur. Eyni zamanda şagird dərsə getməyəndə “təhdid” edilir ki, “sənə attestat verməyəcək”.
Sanki orta məktəb şagirdi ali məktəbə hazırlaşmaqdan yayındırır. Ona görə də bu məsələdə uyğunluq olmalıdır. Danılmaz faktdır ki, hazırlıq kursları, repetitor olmasa, ali məktəbə qəbulun plan yerləri boş qalacaq.
Əvvəllər repetitorluq az yayılmışdı və DİM-in sualları da indiki qədər çətin deyildi. Ancaq indi repetitorluq geniş yayılıb və şagirdlər rəqabət mühitində, kurslarda, repetitor yanında daha çox öyrəndiyi üçün DİM-in sualları da çətindir.
Yəni 1 il ərzində repetitorluq ləğv olunsa və DİM eyni qaydada sualları tərtib etsə, təbii ki, ali məktəblər boş qalacaq. İkinci halda primitiv qəbul sualları ilə boşluq aradan qaldırıla bilər.
Əvvəllər 10-11-ci siniflərdə uşaqları hazırlığa qoyurdular. İndi artıq məktəbəqədərdən, 1-ci sinifdən hazırlığa qoyurlar. Uşaqlar da yüksək biliklə gəldiyi üçün DİM qəbulun suallarını çətinləşdirir”.