Rəsmi qəzet bu qurumları yıxıb-sürüdü: Pandemiyadan sui-istifadə etdilərbackend

Rəsmi qəzet bu qurumları yıxıb-sürüdü: Pandemiyadan sui-istifadə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi dövlət qəzetin “Azərbaycan”da bu gün dərc olunan “Tibdə biganəlik və məsuliyyətsizlik ölümlə nəticələnə bilir” başlıqlı məqalədə TƏBİB və Səhiyyə Nazirliyi sərt tənqid olunub.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, geniş araşdırma materialında bu dövlət qurumlarının pandemiya sınağından çıxa bilmədiyi və xəstələrə bərbad xidmət göstərdiyi qeyd edilir: “Pandemiyadan “faydalanma” halları yalnız dərman təminatı ilə bağlı deyil. Problem həm də virusa yoluxan şəxslərin ixtisaslaşdırılmış xəstəxanalara stasionar müalicə üçün yerləşdirilməsi ilə bağlıdır.

Ötən ilin dekabrında koronavirusdan dünyasını dəyişən həmkarımız – “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun da ölümünə gətirib çıxaran əsas səbəb onun xəstəxanada yer tapa bilməməsi olub. Bunu R.Süleymanovun həyat yoldaşı Zümrüd Süleymanova acıqlayıb: “Rəşadın səhhəti hər gün ağırlaşırdı. İki dəfə Rəşadı “Semaşko”ya (Kliniki Tibbi Mərkəzə) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. O, daha sonra evdə vəfat etdi””.

Məqalədə qeyd edilir ki, “Yeni klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun qurumun digər vəzifəli şəxsləri ilə əlbir olaraq hər bir koronavirus xəstəsinin yerləşdirilməsi əvəzində onların yaxınlarından 3000-3500 manat rüşvət tələb etməsi vəzifəli şəxslərin hazırkı şəraitdən faydalanmasını təsdiq edən faktlardan yalnız biridir.

Fövqəladə Hallar Nazirliyinin Bakının Zığ qəsəbəsində yerləşən Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayev və digər vəzifəli şəxslərin də koronavirus xəstələrinin həmin tibb müəssisəsində yerləşdirilməsi, eləcə də müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi təminatla təchiz edilmələri əvəzində müxtəlif məbləğlərdə rüşvət alması da öz təsdiqini tapan faktlardandır.

“Xəstələrin tibb müəssisələrinə stasionar müalicə üçün rüşvətlə yerləşdirilməsi ilə bağlı iddiaları qəbul etməyən TƏBİB isə sorğumuza verdiyi cavabında bildirir ki, virusa yoluxmuş şəxslərin stasionar müalicəsi dövlət xəstəxanalarında heç bir ödəniş olmadan həyata keçirilir. Vətəndaşdan rüşvət alınması ilə bağlı fakta əsaslanan şikayət daxil olduqda bu hal onlar tərəfindən araşdırılır. Eyni zamanda hüquq mühafizə orqanları tərəfindən qanunla müəyyən olunmuş cəzalar tətbiq edilir.

Təki TƏBİB söyləyən kimi olaydı. Amma gördüklərimiz, eşitdiklərimiz, bəzən isə yaşadıqlarımız tam əksini deyir axı…”

Yazıda qeyd edilir ki, pandemiya başlayandan müşahidə edilən vəziyyət, insanların şikayətlərinin məzmunu onu deməyə əsas verir ki, məsul qurumlar üzərlərinə düşən işin öhdəsindən lazımınca gələ bilmirlər. Xəstələrin böyük əksəriyyəti TƏBİB və Səhiyyə Nazirliyinin onlara laqeyd münasibətindən razı deyillər.

“Bu münasibətinsə səbəbi demək olar ki, eynidir – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 24 saat işlədiyi deyilən 1542 nömrəli “Çağrı mərkəzi”nin saatlarla zənglərə cavab verməməsi, bir çox sahə həkimlərinin xəstələrlə maraqlanmaması, götürülən yaxmanın cavabının gecikdirilməsi, eyni şəxsin verdiyi analiz nəticələrinin fərqli olması, dərmanların verilməməsi və s.”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu haaqda qəzetə açıqlamasında deyib ki, bəzi məmurlar pandemiyadan sui-istifadə etdilər. Vahid Əhmədov qeyd edir ki, pandemiya şəraitində insanların ən çox üz tutduğu dərman bazarında da vəziyyət çox acınacaqlıdır. Deputat koronavirusun müalicəsi üçün lazım olan dərmanların qiymətlərinin yüksəkliyi, ümumən dərman bazarı ilə bağlı onlara çox sayda şikayətlərin edildiyini söyləyir.

Bəzi dərmanların qiymətinin təsəvvür edilməyəcək qədər baha olduğunu açıqlayan V.Əhmədov əlavə edir ki, Türkiyə ilə Azərbaycandakı dərmanların qiymətləri arasında 4-5 dəfə fərq var. Vergi, gömrük xərcləri nəzərə alındıqdan sonra da dərmanların qiymətləri arasında bu qədər fərqin olması real deyil.

“Ölkəmizdə dərmanlarla bağlı acınacaqlı vəziyyət var, bu sahədə faktiki olaraq monopoliyadır. Koronavirusdan öz mənfəətləri üçün kifayət qədər istifadə edən insanlar, məmurlar oldu”.

Yazı bu cümlələrlə bitir: “Əfsuslar olsun ki, əlaqədar qurumlar və onların rəhbərləri hazırkı mərhələnin həssas bir dövr olduğunu, hər bir səhvin, diqqətsizliyin, laqeydliyin insan həyatı üçün böyük problemlər yarada biləcəyini yetərincə başa düşmürlər. Əks halda nə ölkədə yuxarıda sadalanan problemlər, nə də bu problemlərə görə haqlı vətəndaş narazılığı olardı.

Bu narazılıqların aradan qaldırılmasının yeganə yolu isə səhiyyə sistemindəki hər bir məmurun öhdəsinə düşən işin mahiyyətini dərk etməsi və yaranan problemləri həll etməsidir. Prezident İlham Əliyevin dövlət məmurlarından əsas tələblərinə əməl olunsa, əlbəttə ki, ortaya da bu qədər problem çıxmaz və qeyd etdiyimiz kimi, bu acı mənzərə yaranmaz”.