Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hemodializ şöbəsində ciddi sanitar-epidemioloji qayda pozuntusu aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, Xüsusi.Tv-nin qaynar xəttinə daxil olan məlumat və təqdim edilən fotoşəkillər vəziyyətin nə dərəcədə ciddi olduğunu açıq şəkildə nümayiş etdirir.
Müraciət edən vətəndaşın bildirdiyinə görə, xəstəxananın hemodializ şöbəsində yerləşən sanitar qovşaq təyinatından kənar istifadə olunur. Belə ki, sanitar qovşağın daxilində masa yerləşdirilərək mətbəx şəraiti yaradılıb, elektrik su qızdırıcısı quraşdırılıb və bu məkan faktiki olaraq yemək hazırlanan otağa çevrilib. Fotolardan da aydın görünür ki, unitazın yerləşdiyi eyni məkanda məişət avadanlıqlarından istifadə edilir ki, bu da həm gigiyenik, həm də tibbi baxımdan yolverilməz haldır.
Xüsusilə ağır xəstələrin müalicə aldığı hemodializ şöbəsində bu cür kobud sanitar pozuntuların mövcudluğu ciddi narahatlıq doğurur. Mütəxəssislərin fikrincə, belə hallar infeksiya riskini dəfələrlə artırır və xəstələrin sağlamlığı üçün real təhlükə yaradır.
Qeyd edək ki, mövcud vəziyyət “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə ziddir və bu cür hallara yol verilməsi məsuliyyət yaradır.









