Rey Kərimoğlu: Nazirlikdə baş verənlər təəssüf doğururbackend

Rey Kərimoğlu: Nazirlikdə baş verənlər təəssüf doğurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında qazilərin narazılığı zamanı baş verənlər məndə təəssüf hissi doğurdu. Çünki dövlətimiz hər zaman qazi və şəhid ailələlərinə kifayət qədər dəstək göstərir, eləcə də onların problemlərinin həlli üçün Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xeyli işlər görülür.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu deyib.

R.Kərimoğlu nazirliyin qarşısında narazılıq edən qazilərin bir çoxunu dinlədiyini bildirib:

“Etiraf etmək lazımdır ki, nazirliyin elektron sistemində ciddi problem var. Misal olaraq, qazilərdən biri fevral ayında komissiyadan keçib və 14 gün ərzində cavab verilməli olsa da, artıq 3 ay vaxt keçib. Bu günə qədər də cavab gəlməyib. Qazilərin bugünkü narazılıqlarının çoxunun səbəbi demək olar ki, eyni məsələlərdir. İstərdim ki, dövlət qurumları belə həssas məsələlərdə daha diqqətli olsunlar. Çünki Vətənin azadlığı uğrunda qazilərimiz öz sağlamlığından olublar və onların incidilməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, onlar müharibədə travma alıblar, əsəbi və sağlamlıqlarında problemlər yaranıb. Onlar davranışlarına istənilmədən nəzarəti itirə bilirlər və bu, nəzərə alınmalıdır”.

O, bütün hallarda qazilərin dövlət əmlakına ziyan vurması, eləcə də aqresiv hərəkətlərin nümayiş etdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb:

“Qazilərin müəyyən problemləri var və onlar həll edilməlidir. Qazi, şəhid ailələri, veteranlar, hərbi qulluqçularla bağlı dövlət komitəsi yaradılmalı və problemli məsələlər orada həll olunmalıdır. Bu sahədə təcrübəsi olan şəxslər də həmin prosesdə iştirak edə bilər. Həmçinin həmin şəxslər gərgin vəziyyətlərdə meydana çıxıb öz sözlərini desinlər. Bu gün baş verən hadisə zamanı yaxın ərazidə olsam dərhal ora gedib narazı qaziləri sakitləşdirməyə cəhd edərdim. Çünki elə hallar yolverilməzdir. Hər zaman dövlətimizin və qazilərimizin yanındayıq. Bu kimi halları təqdir etmirik”.