Rövşən Ağayev: Hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıbbackend

Rövşən Ağayev: Hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın qiyməti artıq 40 manat ətrafında qərarlaşıb.

Gömrüyün imtiyaz verdiyi idxalçılar bax beləcə qaz vurub qazan doldurdular uzun illər. Həmin şəxs kifayət qədər məlumatlıdır və deyir ki, Naxçıvanı İran və Türkiyə ilə birləşdirən 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb və bu proses 30 ilə yaxındır davam edir. Bu yaxınlarda şagird sayı və kommunal xidmətlərin abonentlərinin sayına əsasən müqayisəli bir araşdırma aparmışdım, Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin heç olmazsa 150-200 min nəfəri oradan baş götürüb qaçıb – məhz belə dözülməz şərtlər altından yaşamamaq üçün”.

NOCOMMENT xəbər verir ki, bunu ekspert Rövşən Ağayev şəxsi feysbuk səhifəsində yazıb.

R.Ağayev qeyd edib ki, məsələ bir şəxslə və ya onun ətrafındakı 3-5 nəfərlə bağlı deyil: “Korrupsiyanın işləmə mexanizmini nəhəng bir magistral su kanalından suyun daha kiçik kanallarla paylanması ilə müqayisə edin. Magistral kanal betondan deyilsə, özülü torpaqdırsa, su bütün kanal boyu sıza-sıza itkiyə gedəcək. Onun ayrı-ayrı kanallarla əlaqəsi şlüzlər vasitəsilə təmin edilmirsə, kim haradan istəyir bu magistral kanala müdaxilə edib özünə su apara bilirsə, üstəlik bu kiçik paylaşdırıcı kanalların özülü də torpaqdırsa, suyun israfçılığını və itkilərini təsəvvür etməyə çalışın.

İndi bu nümunədən çıxış etsək, dövlət maliyyəsinin formalaşdığı hissə magistral kanaldır, müxtəlif qurumların oradan aldığı pay isə kiçik kanallar vasitəsilə bölüşdürülən məbləğlərdir.

Sadəcə, özünü balina sayan, amma reallıqda kiçik kilkə olanlar unutmasınlar ki, lazım olanda tor atıb, ya da elektrik cərəyanı verib onları elə həmin dəlmə-deşik kanallarda da boğurlar…”