Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirilibbackend

Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

NOCOMMENT xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində qətlə yetirilən Elçin Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva dindirilib.

O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Daha sonra şahid qismində mərhumun uşaqlıq dostu Səməd Novruzov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanımır: “2001-ci il iyunun 1-də mənə zəng gəldi. Hadisə ilə bağlı mənə xəbər etdilər. Biz rəhmətlik Elçinlə uşaqlıq dostu olmuşuq. Təcili çıxdıq Ukraynaya. Axşam Kiyevə çatdıq. Bizi orada bir nəfər qarşıladı. Gecə hoteldə qalıb, ertəsi günü “morq”a getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb, Kiyevdəki səfirliyə getdim. Orada keçmiş hərbçi, Ukrayna vətəndaşı olan Qriqori Mixailoviçi gördüm. Mənə dedi ki, hadisəni sizinkilər törədib. Biz onunla telefonda əvvəl danışmışdıq, amma üzünü görməmişdim. Ukraynada olan səfirlikdə mənə söylədilər ki, Elçin “Abşeron” adlı restoranda yeyib-içib. Sonra səfirlikdə kiminləsə mübahisələri düşüb. Təzədən başqa restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da həmin restorana gedib. Hadisə həmin yerdə baş verib. Mənə orada dedilər ki, Rövşən Əkbərov da həmin restoranda olub. Sonuncu dəfə Elçinlə mayın 31-də danışmışam. Mən iyunun 1-də səfirlikdə olmuşam, ayın 2-də isə Rövşənin qətl törətməsini eşitmişəm. Bu günə kimi də bu sual maraqlandırır ki, Rövşən Elçini niyə öldürüb?”.

Daha sonra təqsirləndirilən şəxs R.Əkbərov şahidə – “siz necə dost olmusunuz ki, gəlib Rövşəni tapıb soruşmadınız?”, – sualını verib. Şahid isə – “sübutum olmadan kimisə qətldə ittiham edə bilmərəm”, – cavabını verib.

Növbəti iclas oktyabrın 13-nə təyin edilib.