ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı zamanı çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatının beynəlxalq siyasətdə rolunun zəiflədiyini bildirib.
NOCOMMENT.az-ın xəbərinə görə, o qeyd edib ki, təşkilat son illərdə bir sıra mühüm münaqişələrin, xüsusilə Qəzza zolağı və Ukrayna ətrafındakı böhranların nizamlanmasına nail ola bilməyib.
Rubionun sözlərinə görə, BMT Ukraynada davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində effektiv nəticə göstərməyib.
ABŞ diplomatiyasının rəhbəri vurğulayıb ki, danışıqlar prosesinin başlanması əsasən Amerika Birləşmiş Ştatlarının liderliyi və tərəfdaş ölkələrlə əməkdaşlığı sayəsində mümkün olub. Onun sözlərinə görə, məhz Vaşinqtonun səyləri tərəflərin danışıqlar masası arxasına əyləşməsinə şərait yaradıb.
Rubio əlavə edib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində qlobal institutların effektivliyi yenidən qiymətləndirilməlidir və münaqişələrin həlli üçün daha çevik diplomatik mexanizmlərə ehtiyac var.












