Rubl və lirə kəskin ucuzlaşır – Manat təzyiq altındadır…backend

Rubl və lirə kəskin ucuzlaşır – Manat təzyiq altındadır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Rusiya və Türkiyənin milli valyutalarında kəskin ucuzlaşma müşahidə edilir. Aprelin 9-da Moskva birjasında dolların məzənnəsi 2022-ci ilin yazından bəri ilk dəfə 98 rubldan yuxarı qalxıb. Son 1 ayda rubl 8.0 faiz dəyər itirib.

Dollar/Türkiyə Lirəsi məzənnəsi də rekordunu yeniləyib və 27,42 səviyyəsinə qədər yüksəlib. Türkiyə hökumətinin yeni iqtisadi siyasətinə baxmayaraq, milli valyutanın daha da ucuzlaşacağı gözlənilir.

Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu üçün Rusiya və Türkiyə iqtisadiyyatında baş verən proseslər manata, ümumilikdə ölkə iqtisadiyyatına da təsir edir. Azərbaycanın ixracatında neft və neft məhsulları önəmli yer tutsa da, son illərdə qeyri-neft sektorunda artım müşahidə edilir. Qeyd edək ki, Rusiya və Türkiyə Azərbaycanın qeyri-neft ixracında ilk iki yeri tutur.

Qonşu ölkələrdə milli valyutaların ucuzlaşması Azərbaycan manatına, ümumilikdə milli iqtisadiyyata necə təsir edəcək?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Türkiyə lirəsi ilə Rusiya rublunun kəskin ucuzlaşması bu ölkələrdən idxalı stimullaşdırır:

“Azərbaycanın sıx ticari-iqtisadi münasibətlərdə olduğu ölkələrdə milli valyutanın kəskin ucuzlaşması, əslində bizim ölkəyə həmin ölkələrdən idxalı stimullaşdırır. Yəni həmin ölkədən gətirilən mal və məhsulların qiymətlərinin sərfəli, əlçatan olmasını təmin edir. İqtisadi qanunlarla, bazar qanunları ilə bu, əslində belə olmalıdır”.

İqtisadçı deyir ki, reallıqda isə Türkiyədən idxal edilən məhsullarda bu, müşahidə edilmir:

“Türkiyə ilə iqtisadi, ticarət, eləcə də idxal-ixrac əməliyyatlarımıza, ümumiyyətlə ölkə daxilində türk məhsul və mallarının qiymətlərinə nəzər salsaq, türk lirəsinin ucuzlaşmasına görə ciddi fərq müşahidə etmirik. Bizim də bu ölkələrə ixrac olunan məhsullarımız var. Misal üçün Rusiya bazarı ölkəmizdə aqrar sahənin, ümumiyyətlə kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslərin əsas istiqamətidir. Çünki bizdə xırda və orta kənd təsərrüfatı istehsalçılarının Rusiyadan başqa yerlərə məhsul aparıb satmaq, ixrac etmək imkanları yoxdur. Burada isə Rusiyada milli valyutanın ucuzlaşması neqativ vəziyyət yaradır, mənfi təsirlər ortaya çıxarır. Artıq neçə müddətdir ki, Azərbaycanda xırda və orta kənd təsərrüfatı istehsalçılarının Rusiya bazarlarına mal və məhsul ixrac etmələri əvvəlki kimi sərfəli xarakter daşımır. Rusiya bazarında rublun kəskin şəkildə enməsinə, həm də mövcud iqtisadi-siyasi vəziyyətə görə bizim kənd təsərrüfatına məxsus məhsul və malların satışının reallaşdırılması əvvəlkitək sərfəli xarakter daşımır. Belə bir mənzərə də var”.

Ekspert vurğulayıb ki, Türkiyə və Rusiyanın milli valyutalarının ucuzlaşması bu ölkələrə ixracımızı çətinləşdirir:

“Əgər iqtisadi nöqteyi-nəzərdən götürsək, Türkiyə lirəsi ilə Rusiya rublunun ucuzlaşması bizim ölkə iqtisaddiyatı, daxili istehlak bazarı üçün həmin ölkələrdən idxalı stimullaşdırır. İxracı isə bahalaşdırır, çətinləşdirir. Bu ölkələrin milli valyutalarının kəskin şəkildə ucuzlaşması özünü açıq şəkildə göstərməsə də, dolayı yolla Azərbaycan iqtisadiyyatında real sektorun inkişafı üçün heç də səmərəli, sərfəli, effektiv xarakter daşımır”.

Beynəlxalq iqtisadiyyat üzrə ekspert Orxan Bağırovun sözlərinə görə, Türkiyə və Rusiyanın milli valyutalarının ucuzlaşması Azərbaycana sərf edir:

“Azərbaycan Türkiyə və Rusiya ilə sıx iqtisadi-ticari əlaqələrə malikdir. Bu baxımdan da həmin ölkələrin milli valyutalarının ucuzlaşması bizə sərf edir. Çünki onlardan aldığımız məhsul və xidmətlər daha ucuz başa gələcək”.

Onun sözlərinə görə, mövcud vəziyyət manata təzyiq edir: “Məlum olduğu kimi, Azərbaycan manatı dollara qarşı dəyişmədən qalır. O baxımdan da bizə üstünlük yaradır. Manatın üzərində təzyiqlər var. Yəni mövcud vəziyyət manata təsir edir. Ancaq mən hesab edirəm ki, manatın ucuzlaşması, yaxud bahalaşması üçün əsaslı iqtisadi faktorlar yoxdur. Xarici valyuta ehtiyatları, ölkədə olan valyuta ehtiyatları manatın məzənnəsini sabit saxlamaq üçün bizə imkan yaradır”.

İqtisadçı ekspert Eldəniz Əmirov da deyir ki, lirənin və rublun ucuzlaşmasına baxmayararaq, bu ölkələrdən idxal edilən məhsulların qiymətləri aşağıya düşməyib:

“İstər lirənin, istərsə də rublun sahibi olan ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Normal iqtisadi şərtlər daxilində bu ölkələrdən Azərbaycana idxal edilən məhsulların qiymətində azalmalar olmalı idi. Amma bu azalmalar baş vermir. Biz bunu uzun müddətdir ki, görürük. Hesab edirəm ki, hələ bir müddət də rublun dəyər itirəcəyini müşahidə edəcəyik. Lirə isə bir müddət artımdan sonra stabilləşəcək. Bunu təxminən 2-3 il ərzində biz görə bilərik”.

Ekspert bu ölkələrdən idxal olunan məhsulların qiymətinin aşağı enməməsinin səbəbini belə izah edib:

“İstər Türkiyədən, istərsə də Rusiyadan ölkəmizə idxal olunan məhsulların qiymətinin enməməsinin əsas səbəbi bu ölkələrdə milli valyutaların ucuzlaşmaqla yanaşı ciddi dəyərsizləşməsi, nəticədə istehsal etdikləri məhsulun maya dəyərinin artmasıdır. Məsələn Türkiyədə lirənin ucuzlaşmasına baxmayaraq, bu ölkədə istehsal olunan məhsulun maya dəyəri artır. Ona görə ki, Türkiyənin özü xammal idxal edir və lirənin dəyər itirməsi idxalın bahalaşması deməkdir. Yəni idxal edilmiş məhsul hesabına istehsal olunan məhsul Azərbaycana ixrac edilən zaman qiymətin aşağı enməsi mümkün olmur. Rusiyada da eyni vəziyyətdir. Rusiyada da rublun ucuzlaşması istehsalçıların pul itirməsinə gətirib çıxarır. Onlar da bu itkinin qarşısını almaq üçün məcbur olaraq məhsulun satış qiymətini artırırlar. Bu da nəticədə Azərbaycana idxal olunan məhsulun qiymətinin artmasına imkan vermir. Azərbaycandan bu ölkələrə qeyri-neft ixracı isə, təbii ki, az-çox vardır. Qeyri-neft ixracı ilə məşğul olan sahibkarlar üçün ölkə valyutasının dəyişməz qalması və rəqib ölkələrə qarşı möhkəmlənməsi ixraca mənfi təsir göstərən faktordur”.

E.Əmirov qeyd edib ki, lirənin və rublun ucuzlaşmasının Azərbaycana birbaşa ciddi təsiri yoxdur:

“Çünki məhsullar daha çox dollar üzərindən ticarət edilir. Amma ümumi kontekstdə rubl və lirənin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri çox az olacaq. Azərbaycan iqtisadiyyatı nə lirənin, nə də rublun dəyər itirməsindən ciddi təsirlənəcək. Müəyyən istiqamətlərdə uduş, müəyyən istiqamətlərdə isə qeyri-uduş ola bilər. Bu baxımdan orta statistik olaraq deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı bu valyutaların dəyərsizləşməsindən ciddi təsirlənməyəcək”.