Sentyabrın 2-nə keçən gecə ölkənin Ukrayna ilə sərhədi yaxınlığında, Dunay üzərində iki Eurofighter və iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-a məxsus F-16 qırıcıları Borçadakı 86-cı aviabazadan havaya qalxaraq kəşfiyyat əməliyyatları həyata keçirib. Yerli vaxtla saat 23:46-da (Moskva vaxtı ilə eynidir) Tulça bölgəsinin şimal hissəsi üçün Ro-Alert xəbərdarlığı edilib. Təxminən 00:20-də isə Almaniya Hərbi Hava Qüvvələrinə məxsus Eurofighter Typhoon qırıcıları havaya qaldırılıb.
Nazirlik dəqiqləşdirib ki, hava həyəcanı səbəbindən aparılan əməliyyat zamanı Rumıniyanın hava məkanına dron və ya başqa uçuş aparatlarının daxil olması faktı təsdiqlənməyib.
NATO isə Rumıniya üzərində hava məkanına nəzarəti gücləndirib və əlavə erkən xəbərdarlıq sistemləri yerləşdirib. Qeyd edək ki, ölkə parlamenti əvvəllər sərhədi pozan pilotsuz uçuş aparatlarının vurulmasına icazə verən qanunu qəbul edib.