Rus ekspert detallı danışdı: Ermənistan Qarabağ iddiasından əl çəkir, çünki…backend

Rus ekspert detallı danışdı: Ermənistan Qarabağ iddiasından əl çəkir, çünki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni cəmiyyəti münaqişədən yoruldu, bu, özünü ötən ilki müharibədə Ermənistanda kütləvi səfərbərliyin olmamasında da göstərdi”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

Ekspert Ermənistanın tədricən Qarabağa iddialarından əl çəkdiyini bildirib: “SSRİ dağıldıqdan sonra Ermənistanda Qarabağ məsələsi “milli dövlət layihəsi” (“Böyük Ermənistan” xülyası) kimi irəli sürüldü. Əslində bu, xaricdən ortaya atılmış layihə idi, zamanla bunu “erməni milli kimliyi”nə bürüməyə çalışdılar. Buna görə bütün Ermənistan cəmiyyətini bu məsələ ətrafında səfərbər etdilər. Əslində Qarabağ məsələsi Ermənistan-Azərbaycan münaqişəsidir.

Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalar, tərəflərin hazırda müzakirə etdikləri demarkasiya və delimitasiya məsələləri də buna sübutdur”.

Markedonov hesab edir ki, Ermənistanın birinci Qarabağ müharibəsindəki qələbəsindən sonra bu məsələyə münasibət dəyişməyə başlayıb: “Qarabağ münaqişəsini siyasi alətə çevirənlər oldu. Xüsusən də hakimiyyəti əldə saxlamaq üçün bundan istifadə etməyə başladılar. Buna görə də, ortaya “Qarabağ klanı” kimi ifadələr çıxdı”.

Markedonov Ermənistan daxilindəki bir çox problemlərin Qarabağ münaqişəsi ilə əlaqəsinin olduğunu deyib: “Bu səbəbdən erməni cəmiyyəti münaqişədən yoruldu. Bu, özünü ötən ilki müharibədə Ermənistanda kütləvi səfərbərliyin olmamasında da göstərdi”.

Rusiyalı ekspert bildirib ki, sosioloqlar Ermənistanda Qarabağ münaqişəsinə real münasibəti araşdırmalıdır: “Erməni anlayışında Qarabağın həqiqi ağırlığı çəkilməlidir, eləcə də növbədənkənar parlament seçkilərinin nəticələri nəzərə alınaraq Ermənistanda bu məsələyə yanaşmada hansı dəyişikliklərin baş verdiyi izah edilməlidir. Getdikcə Qarabağla bağlı prinsipial mövqedə olanların (“Qarabağ klanı”) tezislərinin ictimai fikirdəki gücü zəifləyəcək. Bu amil özünü aşkar hiss etdirəcək. Ermənistandakı gənc nəsil hətta “Qarabağ Komitəsi”nin nə olduğunu belə bilmir. Yeni nəsil yeni prioritetlərlə gəlir…”