“Rus Evi” ilə bağlı qərar Rusiya – Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? – Politoloqbackend

“Rus Evi” ilə bağlı qərar Rusiya – Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən qısa şəkildə deyə bilərəm ki, “Rus evi”nin bağlanması və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinə məlumat göndərilməsi, son zamanlar Rusiya-Azərbaycan münasibətlərinin xarakterinə uyğun atılmış bir addımdır. Yəni Rusiyanın Azərbaycana qarşı mövqeyində biz destruktiv amillər müşahidə etdik. Təyyarə qəzasından sonra Rusiya öhdəliklərini yerinə yetirmədi. Başlıca məsələ tam şəkildə məsuliyyətin öz üzərinə götürülməsi, qəza nəticəsində zərərçəkmişlərin ailələrinə kompensasiya ödənilməsi və bu hadisədə günahkar olan şəxslərin obyektiv şəkildə mühakimə edilməsidir. Lakin Rusiya bununla bağlı heç bir addım atmadı və rəsmi bəyanat vermədi.

Bunu NOCOMMENT.aza açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

Əksinə, Rusiyayönlü media nümayəndələri Azərbaycana qarşı vaxtaşırı qarayaxma kampaniyası apardılar. Təyyarə pilotlarının guya öz istəkləri ilə könüllü şəkildə Aktauya istiqamətlənməsi barədə məlumatlar sızdırıldı. Kreml tərəfindən dəstəklənən media qurumları vasitəsilə təyyarənin guya quş sürüsü ilə toqquşması barədə xəbərlər yayıldı. Bütün bunlar onu göstərir ki, Rusiya mediası hər vəchlə bu vəziyyəti manipulyasiya etməyə və həqiqəti əks etdirməyən məlumatlar yayaraq prosesi uzatmağa çalışır.

Qara qutunun məlumatları açıqlandı və bildirildi ki, “Xalça” əməliyyatı Azərbaycana məxsus təyyarə vurulandan 8 dəqiqə sonra həyata keçirilib. Bu isə o deməkdir ki, “Xalça” əməliyyatını bu hadisənin səbəbi kimi göstərmək mümkün deyil. Bundan əlavə məlum oldu ki, Qazaxıstanın nəqliyyat nazirinin müavininin sözlərinə görə, qəza ilə bağlı yekun nəticələr yalnız 2025-ci ilin dekabrında bilinəcək.

Sözsüz ki, Azərbaycanın kifayət qədər ciddi əsasları var ki, Rusiyadan bu hadisəni etiraf etməsini tələb etsin. Yəni Azərbaycanın əlində möhkəm sübutlar var ki, təyyarə Rusiya tərəfindən “Pantsir-S” zenit raket kompleksi ilə vurulub. Bununla yanaşı, son günlərdə Rusiya Dövlət Dumasının deputatları, xüsusilə, hakim “Vahid Rusiya” partiyasının nümayəndəsi Nikolay Valuyevin Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı neqativ fikirlər səsləndirməsi, onun “qara siyahıya” salınması və Azərbaycan tərəfindən persona non grata elan edilməsi ilə nəticələndi.

Azərbaycan da adekvat addımlar atır, onlardan biri də “Rus evi”nin bağlanmasıdır. “Rus evi” uzun illərdir ki, Azərbaycanda Rusiyanın casusluq yuvası kimi fəaliyyət göstərirdi. Bununla yanaşı, Azərbaycan hər zaman dialoq üçün imkan tanıyır. Yəni Rusiya bu məsələlərə dair danışıqlara açıq olduğu halda, Azərbaycan da müzakirələrə hazırdır. Əsas məsələ beynəlxalq hüquqa uyğun olaraq ədalətli tələblərin yerinə yetirilməsidir.

Sözsüz ki, Rusiya Azərbaycanın strateji əhəmiyyətini, onun geosiyasi və geoiqtisadi imkanlarını anlayır. Düşünürəm ki, yaxın zamanda Rusiya münasibətlərin düzəlməsi naminə Azərbaycanın istəkləri istiqamətində addımlar atacaq. Lakin bu məsələdə təyyarə qəzası ilə bağlı Rusiyanın mövqeyi tam şəkildə aydınlaşdırılmalıdır. Çünki bu məsələyə aydınlıq gətirilməsi, gələcək münasibətlərin inkişafına töhfə verə bilər.

 

Elnur Quliyev