Rus sülhməramlıları Qarabağı niyə sevir?backend

Rus sülhməramlıları Qarabağı niyə sevir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq dördüncü gündür ki, əliyalın Azərbaycan ekoloqları və media, onlara dəstək verən digər ictimaiyyət nümayəndələri əlisilahlı rus əsgərləri ilə üz-üzə, göz-gözə dayanıblar. Etirazçıların tələbi haqlı və sadədir: Azərbaycan Respublikasının ərazisindəki təbii sərvətlər separatçılar tərəfindən talan edilməsin!

Aksiyanın ilk günlərində məndə böyük narahatlıq vardı. Silahlı rus əsgərinin qarşısına silahsız çıxmaq çox təhlükəlidir. Bunu biz tarixdə çox görmüşük, nəticələri ağır olub. Xocalıda görmüşük, 20 Yanvarda görmüşük, Çeçenistanda görmüşük, Əfqanıstanda görmüşük… Saymaqla bitməz. Və bunlar bizim kitablardan oxuduğumuz, filmlərdən seyr etdiyimiz faktlar deyil. Lap yaxın keçmişdə, mənim də daxil olduğum nəsil dünyaya gələndən sonra baş vermiş hadisələrdir. Rus əsgəri silahsız insanların qarşısında hər zaman belə “qəhrəmanlıqlar” edib. Bax, buna görə narahat idim! Anadoluda məşhur söz var: Ağzı süddən yanan qatığı üfləyə-üfləyə içər…

Mən də bir gün həmin aksiyaya qatıldım, rus əsgəri ilə üz-üzə, göz-gözə dayandım. Düşüncələrimdə dəyişiklik baş verdi, amma eyni zamanda narahatlıq tam bitmiş deyil. Nə müşahidə etdim?

İndi Qarabağda rus “boyevik”ləri deyil, gənc əsgərlər xidmət edir. Sapsarı uşaqlar, əllərinə yeni silah götürmüş “molodoylar”. Çoxunun üzündə hələ tük çıxmayıb. Bildiyimə görə, “boyevik”ləri Ukrayna cəbhəsinə aparıblar.

Hazırda Qarabağda sülhməramlı kimi xidmət etmək Rusiya ordusunda olan hərbçilərin ən böyük arzusudur. Burada xidmət onların həyatda qalması üçün təminatdır, qəhrəman Ukrayna əsgərinin qarşısında meyit olmaqdan qurtuluş yoludur. Əminəm ki, indi Rusiya hərbi komissarlıqlarında əsgərləri Qarabağda xidmətə göndərməyin qiyməti kifayət qədər yüksəkdir. Üstəgəl, sülhməramlı olmaq onların evə sağ-salamat qayıtmaq ehtimalını artırır.

Buna görə də, rus sülhməramlılarının ağıllı davranacaqları, ilk növbədə özləri üçün problem yaratmayacaqlarını düşünmək üçün müəyyən səbəblər var. Onlar da artıq yenilməz rus əsgəri stereotipinin dağıldığının fərqindədirlər. Onlar müasir dünyada yaşayırlar, savaşın – özü də tiranların iddiası, hikkəsi uğrunda aparılan savaşların nə qədər mənasız olduğunu anlayırlar. Minlərlə ananın heçlik uğrunda gözüyaşlı qaldığının fərqindədirlər. Onlar SSRİ-nin ən amansız diktatoru Stalinin indi komediyalar personajı olduğunu, lakin buna baxmayaraq, həmin Stalinin qansızlığı üzündən yüz minlərlə rusun məzarının belə olmadığından xəbərdardırlar. Bu gün eyni ssenarinin Putin tərəfindən həyata keçirildiyini, qohumlarının, dostlarının Ukrayna cəbhəsində necə can verdiyini müşahidə edirlər.

Və bunları görən, eşidən, bir az da ağlı olan rus əsgəri həqiqətən də Qarabağı sevməlidir. Nicat yolunu kim sevməz ki?!.

Aksiyanın isə öz məqsədinə çatacağı şübhəsizdir. Bu aksiya 44 günlük Vətən Müharibəsindən sonrakı müddətdə baş vermiş ən böyük hadisə sayıla bilər. Bu, bəlkə də Qarabağda yeni mərhələnin başlanğıcıdır. Bəlkə də Xankəndinin, Xocalının Azərbaycanın idarəçiliyinə keçməsi istiqamətində atılan ilk böyük addımdır.

Qədəmlərimiz mübarək olsun!

Elnur MƏMMƏDLİ