Rusiya agentlərini vaxtında təmizləməsək, “sülhməramlı”ları da çıxara bilməyəcəyik..backend

Rusiya agentlərini vaxtında təmizləməsək, “sülhməramlı”ları da çıxara bilməyəcəyik..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əgər sən müvafiq vəzifə sahibi  kimi  düşmənin  Azərbaycanın suverenliyinə xələl gətirən, onun müstəqilliyini aşağılayan davranışlarına münasibət bildirmirsənsə, onların cinayətinə şərik olursan…”
“Rusiyanın əsrlər boyu, xüsusən də 1988-1994-cü illərdə, yəni 1-ci Qarabağ müharibəsində bizə – Azərbaycana münasibəti bəllidir. Onlar bizim torpaqları, o cümlədən Qarabağı və Laçın dəhlizini öz torpaqları hesab edir və orada bildikləri kimi hərəkət etmək istəyirlər. Bəs bizim müvafiq dövlət qurumları niyə susur? Yaxud bəzi məsələləri cavablandırırlar, amma çoxuna reaksiya vermirlər?”

NOCOMMENT.az xəbər verir ki, bu sualları Moderator.az-a açıqlamasında 1995-1999-cu illərdə Azərbay Respublikası Müdafiə nazirinin müavini, hərbi siyasi idarəsinin rəisi vəzifələrində çalışmış ehtiyatda olan polkovnik Mehman Səlimov verib.

“Axı müzəffər Ali Baş Komandanımız, Prezidentimiz 44 günlük savaşdakı qələbəmizdən sonra da öz rəsmi çıxış və müsahibələrində dəfələrlə vurğulayıb ki, Azərbaycan Respublikası daxilində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Qarabağdakı ermənilərə “status” kimi, bu ərazi vahidi də gorbagor olub… Təəssüf ki, bunun müqabilində Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin komandanlığı Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında nəinki “Dağlıq Qarabağ” ifadəsini işlədir, Xankəndinə “Stepanakert” deyirlər, üstəlik, “Dağlıq Qarabağın Laçın rayonu” ifadəsini işlədirlər. Amma bizim müvafiq rəsmi qurumlar susur. Axı bu məsələlərə reaksiya vermək bilavasitə Müdafiə və Xarici İşlər nazirliklərinin vəzifəsidir… Həmin və digər qurumlar nəinki hər gün, hər saat, hər dəqiqə, gecəbəgündüz həm Türkiyə-Rusiya birgə monitorinq mərkəzininn məlumatlarını, həm də Rusiyanın Qarabağ və Laçın dəhlizindəki hərbi kontingentinin Rusiya MN-in rəsmi saytında öz fəaliyyətləri barəsindəki gündəlik informasiya və mütəmadi dəyişən dislokasiya, məsuliyyət zonası xəritələrini izləməli və hər yanlışa, xətaya reaksiya verməlidir. Axı həm 1-ci Qarabağ müharibəsi, həm Aprel döyüşləri, həm də 2-ci Qarabağ müharibəsində Azərbaycanın oğul və qızları, hərbçilərimiz hazırda Rusiya MN-in nəzarətində olan torpaqların hər bir qarışı üçün qan töküblər, canlarını veriblər”- deyə açıqlamasının davamında keçmiş nazir müavini söyləyib.

“Bəs bəzilərinin ifşa olunmasına rəğmən hələ Azərbaycanın müxtəlif dövlət qurumlarında Rusiyanın agentura şəbəkəsinin, “5-ci kalon”un aktiv fəaliyyət göstərdiyi bir şəraitdə biz həmin ölkənin Qarabağ torpaqlarımızda və “Laçın dəhlizi” adlanan ərazidəki sülhməramlı hesab edilən hərbi kontingentinin zamanında öz ərazimizdən çıxmasına nail ola biləcəyikmi? İllah da o haldakı Ermənistanın rəsmi və qeyri-rəsmi siyasi dairələri Rusiya ordusunun Qarabağda nəinki 5 illik, 10 illik, həmişəlik qalmasına çalışırlar” sualını isə həmsöhbətimiz belə cavablandırıb.

“Bilirsiz, hüquqda bəzi hallarda fəaliyyətsizliyin özü də cinayət sayılır. Əgər sən müvafiq vəzifə sahibi kimi düşmənin, yaxud hansısa xarici dövlət ordiusunun, kəşfiyyatının öz dövlətinin suverenliyinə xələl gətirən, onun müstəqilliyini aşağılayan davranışlarına reaksiya vermirsənsə, münasibət bildirmirsənsə, deməli, sən də onların xətasına, cinayətinə şərik olursan və özün də cinayətkara çevrilirsən, yəni birbaşa, ya dolayısıyla həmin düşmən güclərin xidmətçisinə dönürsən…

Düzdü, dediyiniz kimi, qalib gəldiyimiz 2-ci Qarabağ savaşı ərəfəsində Rusiyanın Azərbaycanın dövlət strukturlarındakı, xüsusən Müdafiə Nazirliyindəki “QRU” agentura şəbəkəsinə xeyli zərbələr vuruldu. Nəhayət, general Nəcməddin Sadıkov kimilər Baş Qərargah rəisliyindən kənarlaşdırıldı. Amma təəssüf ki, həmin agentlər hələ tam təmizlənməyib. Ordumuzda və digər sahələrdə birbaşa Nəcməddin Sadıkova, Rusiyaya xidmət edən tör-töküntülər hələ də qalır. Və hesab edirəm ki, nə qədər ki, həmin agent, casus tör-töküntüləri dövlətimizdən, ordumuzdan və digər sahələrdən təmizlənməyib, bizə əsl mənada müstəqil siyasət aparmaqdan danışmaq bir az çətindir. Belə olan halda Rusiya hərbi kontingentini də vaxtında torpaqlarımızdan çıxarmağa nail ola bilməyəcəyik. Çünki Rusiyanın ölkəmizdəki agent və casus şəbəkəsi öz təbliğat və təxribatlarıyla buna imkan verməyəcək. Bu gün Azərbaycanda Kremlin maraqlarını müdafiə edən adamlar hələ də çoxdur. Onlar hamısı tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Bütün hallarda bu gün biz Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin suverenliyimizə, milli dövlətçiliyimizə zidd addımlarının qarşısını vaxtında almasaq, onlar addım-addım daha dərin işlər görəcək və sonra bu kontingenti torpaqlarımızdan çıxarmaq çox çətin olacaq… Onu bilmək lazımdır ki, Rusiya hərbi kontingentinin yanlışlarına, təxribatlarına cavab vermədikcə onlar daha da harınlaşır və irəli getməyə çalışırlar. Odur ki, müvafiq dövlət qurumlarımız onların hər bir addımını, yaydıqları məlumatlardakı bilərəkdən, yaxud səhvən yol verdikləri yanlışları dərhal nəzərlərinə çatdırmalıdır.

Bundan əlavə, mən də hesab edirəm ki, biz Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya işlərini Putinin təklif etdiyi kimi sovet dövrünün, 1975-ci ilin xəritələri ilə deyil, 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq məhz həmin dövrün 114 kv.km-lik ərazimizin xəritələri əsasında aparmalıyıq. Bu, bizim qanuni haqqımızdır. Çünki Rusiya 1920-ci ildə müstəqil respublikamızı işğal etdikdən sonra o vaxtkı ərazimizin xeyli hissəsini, o cümlədən Zəngəzuru heç bir qanuni əsas olmadan Ermənistana bağışlayıb… Biz bu haqqımızı beynəlxalq səviyyədə qaldırmalıyıq… O halda artıq Zəngəzur dəhlizinə ehtiyac olmayacaq. Çünki Zəngəzur öz qanuni ərazimiz olacaq və biz sərbəst şəkildə Naxçıvana və Türkiyəyə gedib-gələ biləcəyik” –deyə polkovnik Mehman Səlimov vurğulayıb.