Rusiya bankı separatçılara dəstək verir – AZƏRBAYCANDAN “SBERBANK”A ETİRAZ!backend

Rusiya bankı separatçılara dəstək verir – AZƏRBAYCANDAN “SBERBANK”A ETİRAZ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarının Qarabağdakı erməni separatçılarına, Azərbaycan ərazilərinə qəsd edən və vətəndaşlarımızı qətlə yetirən terrorçu qurumlara gizli və aşkar dəstəyi davam edir.

NOCOMMENT.az FED.az-a istinadən xəbər verir ki, Rusiyanın ən böyük banklarından biri olan «Sberbank» Qarabağa humanitar dəstək adı ilə silah alınması üçün pul toplanması kampaniyasında iştirak edir.

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkəmizin işğal altında olan ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə aparmaqdadır. Bununla indiyədək aşkar olunmuş hallarla bağlı ciddi tədbirlər görülüb, həmin əməliyyatları aparan maliyyə təşkilatlarına – banklara isə bildirilib ki, işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyət göstərən banklarla Azərbaycan banklarının işgüzar münasibətləri dayandırılacaq. Həmin tədbirlər nəticəsində qanunsuz əməliyyatların qarşısı alınıb.

Eləcə də bax: Ermənilər Azərbaycanda bank müştərilərinə – Məktublar Göndərir

İndi isə məlum olub ki, qanunsuz əməliyatlara Rusiyanın tanınmış bankları da qoşulub. Mərkəzi Bankdan verilən məlumata görə, ordumuzun düşmən üzərində inamlı qələbələri və qarşı tərəfin resurslarının tükənməsi zamanı düşmən qüvvələr dünyanın müxtəlif yerlərindən qeyri-qanuni fəaliyyətləri üçün yardımlar toplamağa cəhd edir.

Azərbaycan Mərkəzi Bankının apardığı monitorinqlər göstərib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq yolu ilə yaradılmış, dünya ictimaiyyəti tərəfindən tanınmayan və qəbul edilməyən qondarma “Dağlıq Qarabağ Respublikası” üçün yardım toplanılması prosesində Rusiyanın “Sberbank”ı da iştirak edir. Müəyyən olunmuşdur ki, sözügedən yardımlar “Sberbank”da olan müxbir hesabları vasitəsilə müxtəlif valyutalarda “Donation We and our borders”, “Finansovaə pomohğ Mı i naşi qraniüı”, “Arüax” və ya “Artsakh” təyinatları adı altında həyata keçirilir.

Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı həm Rusiya Mərkəzi Bankına, həm də “Sberbank”a sərt etiraz məktubu göndərib. Məktubda təcavüzkarın maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması prosesində “Sberbank”ın iştirakına qətiyyətlə etiraz edilib.

“Sberbank”da açılmış hesablar üzərindən aparılan əməliyyatların işğal olunmuş ərazilərdə gedən proseslərə neqativ təsirini nəzərə alaraq, Mərkəzi Bank bu faktın Azərbaycanın maraqlarına zidd olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Və “Sberbank”ın, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən digər maliyyə qurumlarının bu prosesdə iştirakını dərhal dayandırmağı tələb edib. Məktubda bildirilib ki, belə həsas məqamda qanunsuz rejimə yardım edilməsi prosesində iştirak Azərbaycan və Rusiya arasında münasibətlə yanaşı, «Sberbank»ın nüfuzuna da zərər vuracaq.

Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan Hökuməti ilə razılaşdırılmamış hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.

Mərkəzi Bank əhalinin nəzərinə də çatdırıb ki, düşmən Azərbaycan Şanlı Ordumuz tərəfindən məğlubiyyətə uğradıqca bütün vasitələrlə ölkə daxilində digər təxribatlara da əl atır. Belə ki, Azərbaycan banklarının müştərilərində çaşqınlıq yaratmaq üçün banklar adından onlara saxta mesajlar, elektron məktublar göndərilir. «Bu təxribatlara qarşı ölkənin müvafiq orqanları, o cümlədən maliyyə-bank sistemi tərəfindən hazırda ciddi əks tədbirlər görülür və təxribatların qarşısı alınır»-deyə AMB bildirir.