Rusiya Baş Prokurorluğu Tuapse kommersiya limanının sahibi və keçmiş benefisiarlarına qarşı iddia qaldırıb.
NOCOMMENT.az yerli mediaya istinadla bildirir ki, cavabdehlər sırasında Kubandakı Azərbaycan diasporasının nümayəndəsi, Tuapsedəki yükləmə terminalının və “Stary Baku” (“Köhnə Bakı”) restoranının sahibi Şahlar Novruzov, həmçinin Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş “Voniksel Limited” şirkəti yer alır. Bu şirkət “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100%-lik təsisçisidir və liman da cavabdehlər siyahısındadır.
1 sentyabrda Krasnodar məhkəməsi Novruzov barəsində həbs qətimkan tədbiri seçib.
60 yaşlı Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhddə ittiham olunur. Bildirilir ki, o, özgə aktivlərini qanunsuz ələ keçirmək məqsədilə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsini Prikubanski rayon məhkəməsinə təqdim edib.