Gürcüstandakı son seçkilərdən artıq bir həftə keçsə də hələ də bu prosesin nöqtəsi qoyulmayıb, qarşılıqlı ittihamlar, hətta hədələr davam edir – müxalifət hakimiyyəti etiraz aksiyaları ilə, hakimiyyət isə müxalifəti hüquqi ölçülərlə hədələyir. Bəli, biz bu sətirləri yazanda gürcü müxalifəti ayın 4-ə özünün növbəti mitinqini təyin etmişdi.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Yeni Musavat məlumat yayıb.
Amma inanmırıq ki, nəsə qeyri-adi, gözlənilməz bir hadisə baş versin, ən azı ona görə görə ki, gürcü müxalifəti özü də hər dəfə etirazların dinc xarakterinə diqqət çəkir.
Onların başqa planları olsaydı insanları ən azı vətəndaş itaətsizliyinə çağırardılar, amma hələki belə bir şey yoxdur, üstəlik, müxalifətin bu vaxta qədər baş tutan aksiyaları da göstərdi ki, onlar hələ kütləvilikdən, hətta “möhtəşəm aksiya” adlanmaqdan çox uzaqdırlar.
Maraqlıdır ki, azərbaycanlılar da Gürcüstan seçkilərində nəinki bu və ya digər şəkildə iştirakçı, hətta tərəf də oldu.
Bu vaxta qədər məlum olan ən ciddi seçki pozuntularında məhz bizim azərbaycanlıların adı hallandı, çünki sözü gedən məntəqə deyəsən, bizim azərbaycanlıların yaşadığı yerdə yerləşmişdi.
Bəli, xeyli pərt olduq, çünki gərək, belə şey olmayaydı, ona görə ki, az qala, Dünyanın gözü Gürcüstandakı seçkilərdə idi və burada saxtakarlıq etmək elə də asan olmayacaqdı. Amma guya ötən əsrin əvvəllərində hətta qadınlara seçki hququ vermiş biz azərbaycanlılar növbəti dəfə sübut etdik ki, ən azı əksəriyyətimiz üçün demokratik seçki-filan yad bir anlayışdır və əksəriyyətimiz hələ də bunun fərqinə varmırıq, hakimiyyətlər barmaqlarını hara tuşlayırsa, ora da istiqamət götürürük!
Amma ermənilər də bizdən az pərt olmadı. Belə ki, Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə keçirilən seçkilərdəki saxtakarlığın mexanizmini “erməni karuseli” adlandırdı, yəni ermənilər seçki saxtakarlıqlarının nəzəriyyəsində və təcrübəsində ad çıxarıblar, hətta onların adı ilə xüsusi “mexanizm” də adlanıbdır…
O ki qaldı Gürcüstandakı seçkilərə azərbaycanlıların “təsir”inə, dəqiq statistika məlum olmasa da qardaşlarımız öz siyasi adətlərinə bu dəfə də xilaf çıxmadılar, yenə hakimiyyətə səs verdilər – bəli, Şevarnadze hakimiyyətdə olanda ona, daha sonra Saakaşvili hakimiyyətinə, indi də İvanişviliyə və komnadasına səs verdilər. Əlbəttə, mümkündür ki, bu “qayda”dan istisna olan azərbaycanlılar da var, həm də seçki statistikası ilə bağlı detallar, eloktoral coğrafiyanın təfərrrüatları tam bəlli deyil, amma siyasi müşahidəçilər azərbaycanlılarımızın ən azı əksəriyyətinin yenə də gürcü hakimiyyətinə sadiq olduğunu dedilər…
O ki qaldı Rusiyanın “geosiyasi qələbə”sinə sevinməyə, birincisi, Rusiyanın özündə bununla bağlı eyforiya yaşanmır. Onların ən optimistləri belə deyir ki, Gürcüstanı və Moldovanı Rusiyanın geosiyasi orbitinə qaytarmaq ən azı elə də asan olmayacaq. Necə ki, Putin özü bir dəfə demişdi: “Mersedes”in sukanı arxasında oturmuş adamı daha “Jiquli”yə əyləşdirə bilməzsən!..
Üstəlik, indiki gürcü hökuməti də yorulmadan bəyan edir ki, onlar Avropaya inteqrasiya kursuna sadiqdirlər, ölkə 2030-cu ildə Avropa İttifaqının üzvü olacaq, 2025-ci ildən isə hökumətin Avropa ilə bağlı siyasətində yeni mərhələ başlayacaq və s. və i.
İkincisi, Rusiyanın qələbəsinə hətta Azərbaycanda sevinənlərlə bağlı deyərdik ki, biz Moskva ilə əlaqələrə, hətta müəyyən zaman kəsiyində geosiyasi müttəfiqliyə elə də pis baxmırıq. Bir vaxtlar qərbçi, Qərb siyasi dəyərlərinə və standartlarına adekvat türk dövləti qurmaq istəyən və quran böyük Atatürk də Lenin Rusiyası ilə müttəfiqlik edirdi, çünki onda Qərb dövlətlərinin əksəriyyəti yeni türk dövlətinə qarşı idi, hətta onu xəritədən silmək istəyirdilər. Ona görə də Atatürk bir ara bolşevik Rusiyası ilə müttəfiq oldu. Amma bu, müvəqqəti idi – Qərb Türkiyəyə münasibətini dəyişəndən sonra Türkiyə də geosiyasi istiqamətini dəyişdi və Qərbə üz tutdu.
İndi prezident R.T.Ərdoğan da müxtəlif geosiyasi mərkəzlər arasında manevrlər edir, çünki ABŞ və Avropa ona qarşı münasibətində heç də səmimi deyil. Amma düşünürük ki, bu da müvəqqətidir və Türkiyə son nəticədə yenə Qərbdə qalacaq…
O ki qaldı bir daha bizim Rusiyanın “gesoiyasi qələbə”sinə sevinməyimizə, gəlin, özümüzdən soruşaq: axı Rusiya bizə nə veribdi? Məgər Ermənistanı və erməni problemini bizim üçün Rusiya yaratmayıbdırmı? Məgər bizim torpaqlarımızda erməni dövlətini onlar qurmayıblarmı? Bəli, İkinci Qarabağ Savaşında Rusiya NİSBİ NEYTRALLIQ göstərdi. Bu da səbəbsiz deyildi. Birincisi, Kreml başa düşdü ki, özünün Cənubi Qafqaz siyasətini bütünlüklə ermənilərin və Ermənistanın maraqlaına tabe edə bilməz. İkincisi, Azərbaycan hətta Ermənistandan fərqli olaraq (biz hələ Gürcüstanı demirik!) Rusiyanın geosiyasi maraqlarını ciddi şəkildə nəzərə alır, nəinki NATO-ya, hətta Avropa İttifaqına inteqrasiya olunmağı düşünmür! Bu səbəbdən də sonuncu müharibə zamanı Rusiya NİSBİ neytrallıq göstərdi.
Ona görə NİSBİ deyirik ki, o vaxt Rusiyanın Ermənistana silah-sursat tədarük etməsi haqda məlumtalar səngimirdi, həm də indi də suallar yaranır: Qarabağdan xeyli uzaqda olan ərazilərə, Gəncəyə atılan raketlər erməniləriin əlinə haradan və necə keçmişdi?..
Odur ki, gəlin qətiyyən sevinməyə tələsməyək. Əlbəttə, biz də başa düşürük ki, Moskvanın Qərbə münasibəti həm də bizim hakimiyyətin özəl siyasi maraqlarına cavab verir və burada bir sinxronluq var, necə deyərlər, Kremlin anti-Qərb siyasəti bizim hakimiyyətin də lap ürəyindən xəbər verir, çinki bizimkilər də bir siyasi vektor kimi özlərini Qərbdə görmürlər, Qərbin siyasi dəyərləri onları yaman qorxudur.
Qərbin bizə nə verməsinə gəldikdə isə, o, SSRİ-ni dağıtmasaydı biz heç müstəqil dövlət ola bilərdikmi?
İkincisi, bizim bütün uğurlarımızın mayasında neft və qaz dayanır. Amma gəlin bir suala cavab verək: əgər ABŞ və əksər Avropa ölklərinin bu məsələdə proteksiyası – himayəsi olmasaydı biz bu layihələri gerçəkləşdirə bilərdikmi?..
Səhv etmiriksə, sabah Moldovada prezident seçkilərinin ikinci turu olacaq, Rusiya burada da sözün əsl mənasında tər tökür. Ona görə də bu seçkilər də “Avropa, yoxsa Rusiya?” sualına cavab olmalıdır.
Vəziyyət olquqca, çox mürəkkəbdir: Rusiya Moldova əhalisinin “saqqızını necə oğurladısa”, insanlar Rusiya-Ukrayna müharibəsindən necə qorxdusa, daxildəki əhalinin 54 faizi Avropanın əleyhinə səs verdi, yalnız xaricdəki moldovanların hesabına vəziyəti düzəltmək mümkün oldu və Avropa tərəfdarları çox cüzi bir səs çoxluğu ilə qalib gəldilər. Amma proses hələ bitməyibdi, gəlin gözləyək, görək, Sandu qalib gələ biləcəkmi?..