“Rusiya bu cür davranırsa, biz niyə eyni addımı atmayaq?” – ŞƏRHbackend

“Rusiya bu cür davranırsa, biz niyə eyni addımı atmayaq?” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilib. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu müddət 1 il ərzində 180 gündən 90 günə endirilib.

Ekspertlər hesab edirlər ki, bu dəyişikliklər təsadüfi deyil və iki ölkə münasibətlərinin real durumundan irəli gəlir. Onların fikrincə, xüsusən də bu məsələdə son təyyarə qəzası ilə əlaqədar Rusiyanın bir sıra rəsmi dairələrinin nümayiş etdirdiyi obyektivlikdən uzaq və qeyri-dost mövqe ciddi rol oynayıb. Eyni zamanda Azərbaycanın bu addımı Rusiyanın son vaxtlar miqrantlarla bağlı qəbul etdiyi qərarlara cavab reaksiyası kimi dəyərləndirilə bilər.

NOCOMMENT.az xəbər verir ki, məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanda miqrasiya qaydalarına dəyişikliyi doğuran səbəb Rusiyanın atdığı analoji addımlarla bağlıdır:

“Bizim digər ölkələrlə qarşılıqlı miqrasiya siyasətimiz belədir ki, onlar adətən nə tətbiq edirsə, biz də ona uyğun adekvat addımlar atırıq. Əvvəl Rusiyada bizim vətəndaşların qalma müddəti daha çox idi. Sonra onlar dəyişiklik edib miqrasiya qanunvericiliyini sərtləşdirdi. Bizim də tədbirimiz ona adekvatdır”.

Ancaq S.Məmmədov hesab edir ki, miqrasiya qaydalarına edilən dəyişiklikdən bizim soydaşlarımız da əziyyət çəkəcək:

“Çünki Azərbaycana gəlib-gedən Rusiya vətəndaşlarının əhəmiyyətli hissəsi bizim həmvətənlərdir. Onlar Azərbaycanda yaşayıblar, burada yaxınları, qohumları var. Sonradan oraya gedib vətəndaşlıq alıblar. Onlar üçün bir qədər çətin olacaq. Hər halda Rusiya qanunvericiliyinə dəyişiklik edildiyi üçün Azərbaycan tərəfi də adekvat addım atdı”.

REAL Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, bu Rusiya eyni qaydanı bütün xarici vətəndaşlara, eyni zamanda azərbaycalılara qarşı tətbiq edib, Azərbaycan tərəfi də haqlı olaraq güzgü effekti ilə eyni qaydaları Rusiya vətəndaşlarına tətbiq etdi:

“Çox doğru qərardır. Çünki Rusiya Azərbaycan vətəndaşlarına bu cür münasibət göstərirsə, biz niyə daha artığını etməyək? Son hadisələr fonunda bu, çox doğru və yerində atılmış addımdır”.