Rusiya ilə Ukrayna arasında yaxın zamanda sülh müqaviləsinin bağlanacağını gözləmirəm.
Bunu NOCOMMENT.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.
Çünki atəşkəs belə tam şəkildə imzalanmayıb. Məsələn, martın 13-də yalnız enerji infrastrukturuna hücum etməmək qərarı alındı. Lakin bu natamam atəşkəs belə tam şəkildə riayət edilmir. Hər iki tərəf bir-birinin enerji infrastrukturuna zərbələr endirərək vəziyyəti gərginləşdirib. Bu o deməkdir ki, tam atəşkəsin imzalanması belə indiki halda çətindir, çünki Rusiyanın öz hədəfləri var. Cəbhədə vəziyyət müəyyən mənada Rusiyanın lehinə dəyişdiyi üçün Rusiya hal-hazırda atəşkəsə maraqlı deyil, daha çox ərazi əldə etmək istəyir və Ukraynaya daha sərt şərtlər irəli sürmək niyyətindədir.
Digər tərəfdən, Ukrayna bu şərtlərlə razılaşmır. Avropanın, xüsusilə də Britaniya və Fransa tərəfindən göstərilən tam dəstək mövcuddur. Məsələn, martın 27-də Parisdə Britaniya və Fransanın təşəbbüsü ilə İradə Koalisiyasının görüşü keçirildi. Bu görüşdə 30-dan çox ölkənin nümayəndələri, dövlət və hökumət başçıları iştirak edərək qərara aldılar ki, birinci növbədə Ukraynanın müdafiə imkanları gücləndirilsin və Ukraynaya müdafiə yardımları davam etdirilsin. İkinci növbədə, Ukraynanın yenidən qurulmasına maddi vəsaitlər ayrılacaq. Üçüncü növbədə isə Avropanın müdafiə sistemi daha da möhkəmləndiriləcək ki, həm Ukraynaya yardım edə bilsinlər, həm də Rusiyanın potensial aqressiyasına qarşı müqavimət göstərə bilsinlər.
ABŞ isə hər vəchlə çalışır ki, qısa zamanda atəşkəs olsun. ABŞ-ın məqsədi, atəşkəs imzalayaraq, həm iki slavyan ölkəsi arasındakı müharibəni sona çatdıran bir dövlət başçısı olaraq tarixə keçməkdir. Eyni zamanda, atəşkəsin imzalanması həm Rusiya ilə, həm də Ukrayna ilə qısa müddətdə minerallar, nadir dəmir və metallarla bağlı sazişlərin imzalanmasına gətirib çıxaracaq ki, bu da ABŞ-ın milyardlarla dollar gəlir əldə etməsi deməkdir. Həmçinin, Ukraynada atəşkəsin imzalanması ABŞ-a digər istiqamətlərə, xüsusilə də Yaxın Şərq, İran və Çin məsələlərinə daha çox fokuslanmağa imkan verəcəkdir.
Elnur Quliyev