Rusiya qoşunları fevral ayında Pokrovsk şəhərinin tam ələ keçirilməsini başa çatdırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Bildirilib ki, şəhərə hücum 2024-cü ilin fevralında, Pokrovskdan 39 kilometr məsafədə yerləşən Avdeyevkanın ələ keçirilməsindən sonra başlayıb.
Amerika mərkəzinin məlumatına görə, yanvarın 28-dən etibarən açıq mənbələrdə şəhər daxilində döyüş əməliyyatlarının davam etməsinə dair təsdiqlənmiş məlumatlar mövcud deyil. Analitiklər bu fakt əsasında fevral ayı ərzində şəhər üzərində tam nəzarətin bərqərar edildiyi qənaətinə gəliblər.
“DeepState” layihəsi isə çərşənbə axşamı axşam saatlarına olan vəziyyətə görə Pokrovskun şimal kənarını “boz zona” kimi göstərməyə davam edib. Fevralın 21-dək şəhərin şimal-qərb hissəsi də eyni statusda olub.
Təxminən 30 kvadrat kilometr əraziyə malik olan Pokrovskun müharibədən əvvəlki əhalisi 60 min nəfər civarında olub. 2024-cü ilin avqustunda Rusiya qüvvələri şəhərə yaxınlaşıb, lakin 2025-ci ilin noyabr ayının sonuna qədər, ISW-nin qiymətləndirməsinə əsasən, ərazinin təxminən 46 faizinə nəzarət edirdi.
Aliyə
NOCOMMENT.az













