Prezident İlham Əliyevin sentyabrın 6-da İtaliyada keçirilən nüfuzlu Beynəlxalq Çernobbio Forumunda səsləndirdiyi fikrilər dünya mediasının gündəmindən düşmür. Xüsusən Azərbaycan liderinin rəsmi Bakının Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi ola biləcəyinə dair bəyanatı xarici mediada geniş müzakirə olunur.
Xatırladaq ki, “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışından sonra moderatorun “Rusiya-Ukrayna münaqişəsinə son qoyulması kontekstində müzakirələrdə ölkənizi necə görürsünüz? Hər hansı rolunuz və ya təklifləriniz ola bilərmi” sualına cavabında İlham Əliyev bunun nəzəri cəhətdən mümkün olduğunu vurğulamışdı.
“Çünki Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq”, – deyə dövlət başçısı bildirmişdi.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, forumdan xeyli müddət keçsə də, Azərbaycan liderinin bu fikirləri dünya mediasının diqqətini çəkən mövzularından biri olmaqda davam edir. Cənab Əliyevin bu fikirlərinə qlobal marağı təsadüfi saymaq olmaz. Bunun əsas səbəblərindən biri müstəqil və uğurlu xarici siyasət nəticəsində Azərbaycanın bu gün həm Qərb, həm də Şərq ölkələri arasında yüksək nüfuz qazanmasıdır.
Hər kəs yaxşı bilir ki, Azərbaycan atdığı addımlarda, verdiyi təkliflərdə hər zaman səmimi və ədalətli mövqe sərgiləyir. Bununla yanaşı, Bakı üzərinə götürdüyü öhdəliklərə, verdiyi sözə və imzasına sadiqdir. Azərbaycanın heç vaxt hansısa böyük dövlətin və müəyyən dairələrin maraqlarının təmsilçisi olmadığı da hamıya məlumdur. Məhz buna görə Bakı neytral meydança kimi qəbul edilir, Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün ədalətli arbitr ola biləcəyi, əlindən gələni əsirgəməyəcəyi şübhə doğurmur.
Bu, həm də ona görə belədir ki, Prezident İlham Əliyevin də forumda qeyd etdiyi kimi, Azərbaycanla Rusiya və Ukrayna arasında həm xalqlar, həm də liderlər səviyyəsində çox yaxşı və tarixi münasibətlər var. Ukrayna və Rusiyaya da yaxşı məlumdur ki, Azərbaycan daim ədalətli mövqe ortaya qoyur, beynəlxalq hüququ və haqqı müdafiə edir. Odur ki, Bakının bu məsələdə vasitəçiliyi bütün tərəflər üçün faydalı ola bilər. Dünya mediası da məhz bu amili əsas götürərək, Bakının vasitəçiliyinin mümkünlüyü üzərində dayanır.
Onu da vurğulamaq yerinə düşər ki, Bakı yaxın tarixdə müəyyən danışıqlarda və görüşlərdə neytral meydança rolunu oynayıb.
2017-ci il fevralın 16-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) Baş Qərargahlar rəisi, general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda görüşü olub.
Bundan başqa, 2018-ci il aprelin 19-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin də Bakıda görüşü keçirilib.
Bu görüşlərin, danışıqların siyahısını uzatmaq da olar.
Görünən budur ki, gərgin hərbi-siyasi münasibətlərdə olan qütblər təmas xətti, danışıq ünvanı kimi məhz Bakını seçir. Bu isə əlbəttə ki, Azərbaycanın, onun liderinin nüfuzundan, rəsmi Bakıya inamdan və etibardan irəli gəlir.
Bütün bunlara əlavə olaraq, Azərbaycanın və onun rəhbərinin əməkdaşlıq etdiyi, münasibətlər qurduğu ölkələrlə və liderlərlə nə dərəcədə dürüst və etibarlı olmasını da qeyd etmək olar. Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə ölkələrlə, təşkilatlarla əməkdaşlıqda üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu dəfələrlə sübut edib. Azərbaycan və onun lideri bu gün bütün dünyada sözünün, imzasının ağası kimi qəbul olunur.
Odur ki, Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Azərbaycanın vasitəçilik missiyasını yerinə yetirə biləcəyi barədə sözlərinə belə diqqət göstərilməsi təbii qarşılanmalıdır.