ABŞ-da yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən və hakimiyyət dəyişikliyindən əvvəl Rusiya və İran yeni strateji tərəfdaşlıq sazişi imzalaya bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.
Nəşr aydınlaşdırır ki, Tehran və Moskva arasında belə bir razılaşma iki dövlətin dünya səhnəsində təcrid olunduğu üçün qüvvələrini birləşdirmək cəhdinə bənzəyir.
Məqalədə bildirilir ki, ölkələr arasında strateji tərəfdaşlıq haqqında belə bir saziş uzun illərdir ki, inkişaf mərhələsindədir. Oktyabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, saziş yaxın gələcəkdə imzalanmağa hazır olacaq və “tərəflərin regional və qlobal sülh və təhlükəsizlik maraqları naminə müdafiə sahəsində sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair öhdəliklərini rəsmiləşdirəcək”.
Yeni müqavilə Moskva və Tehranın 2001-ci ildə imzaladığı 20 illik müqaviləni əvəz edəcək. Sənəddə tərəflərin enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq vədləri yer alacaq.