“Rusiya və Ukrayna aylarla davam edən danışıqlara və Donald Trampın güclü diplomatiyasına rəğmən, müharibəni dayandırmağa və sülh sazişi əldə etməyə hələ hazır deyil”.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Newsmax” nəşrinə müsahibəsində deyib.
“Yekunda razılığa gəlmək istəyən iki tərəf olmalıdır. Ruslar və ukraynalılar sadəcə razılığa gələ biləcəkləri nöqtəyə çatmayıblar”, – deyə Vens vurğulayıb.
Onun sözlərinə görə, müharibənin nizamlanması imkanı qorunub saxlanılır, lakin onu bitirmək üçün “daha çox iş” tələb olunacaq.
Vens nəzərə çatdırıb ki, sülh danışıqlarına maneələrdən biri “gözləntilərin fundamental uyğunsuzluğudur”, ruslar döyüş meydanında əslində olduğundan daha yaxşı olduqlarını düşünməyə meyllidirlər”. Məhz bu, son aylarda razılaşma olunmasını şətinləşdirib.
Vitse-prezident əlavə edib ki, münaqişənin həlli prosesinin çətinlikləri Trampı və ABŞ administrasiyasını məyus edir. Amma hələlik Ağ Ev rəhbəri sülhün əldə olunması üzərində işləməyə davam edir və onda “saziş bağlaya biləcəyinə böyük əminlik var”.
“Düşünürəm ki, o, bunu edəcək. Məsələ ondadır ki, bu, nə qədər vaxt aparacaq”, – deyə Vens yekunlaşdırıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları aparıb, bu gün isə Vaşinqtonda ukraynalı həmkarı Volodimir Zelenskini qəbul edəcək.
Xatirə SADİQ