Xəbər verildiyi kimi, fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında enerji də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımına, xüsusən də ukraynalı uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə hər iki ölkənin xarici işlər naziri və Rusiya ilə danışıqlarda nümayəndə heyətinə rəhbərlik edən Rüstəm Umerov da iştirak edib. Prezidentin köməkçisi Hikmət Hacıyev də görüş iştirakçıları arasında olub.
Rusiya mediası bu görüşlərə ənənəvi olaraq qərəzli münasibət sərgəliyib. Bu görüşlə bağlı xəbərlərə qərəzli başlıqlarda da özünü göstərib. Amma əsas vurğu görüşün ingilis dilində aparılmasıdır. Rusiya media orqanları ilk dəfə deyil ki, dil məsələsinə “xüsusi diqqət” yetirir. Bundan əvvəl prezidentlərin Danimarkada keçirdikləri görüşdə də rus dilindən deyil, ingilis dilindən istifadə Rusiya mediasında hətta “rusafobiya” kimi təqdim edilmişdi.
Prezidentlər arasında Münhen görüşünə Rusiya mediasının qərəzli reaksiyası təsadüfi deyil və bunun bir neçə səbəbi var.
Əvvəla, Rusiyada Ukrayna ilə bağlı həssaslıq bəllidir, çünki hazırda iki ölkə arasında hərbi qarşıdurma davam edir. Daha doğru siyasi prizmadan baxdıqda bu reaksiyanı sadəcə, media ritorikası yox, strateji narahatlığın informasiya formasında təzahürü kimi qiymətləndirmək olar.
Buradan bir sual yaranır: Bu proseslər Moskva tərəfindən Bakıya qarşı yeni siyasi, iqtisadi və ya informasiya təzyiqlərinə səbəb ola bilərmi və belə bir ssenari baş verərsə, Rusiyada yaşayan çoxsaylı azərbaycanlı icması üçün hər hansı real risklər yarana bilərmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, müharibə başlayandan Azərbaycan birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Bu mövqe yalnız 24 fevral 2022-ci ildən sonra deyil, 2014-cü ildə Krımın ilhaqı zamanı da açıq şəkildə ifadə olunub.
“Azərbaycan müxtəlif platformalarda – istər daxili, istərsə də beynəlxalq platformalarda hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Rəsmi Bakının mövqeyinə görə, Ukraynada baş verənlər işğal faktı kimi qiymətləndirilir və Azərbaycan müxtəlif beynəlxalq platformalarda Ukraynanın suverenliyinə dəyişməz dəstəyini bəyan edib. Azərbaycan Krım da daxil olmaqla işğal olunmuş əraziləri Ukraynanın ayrılmaz hissəsi kimi tanıdığını dəfələrlə vurğulayıb”.
Şərhçinin sözlərinə görə, təbii ki, Azərbaycan tərəfinin bu mövqeyi Rusiya tərəfini heç cür qane etmir:
“Hər nə qədər Kreml “bu fikir ayrılıqları bizim münasibətlərə təsir etməməlidir” desə də, əslində Moskvanın bu mövqeyə görə Bakıya təzyiqlər etdiyi də məlumdur.
Moskva münasibətlərin normallaşdırılması üçün konkret addımlar atsa yaxşıdır, nəinki bu cür bəyanatlarla çıxış etmək. Təbii ki, Azərbaycan işğaldan əziyyət çəkən ölkə olaraq heç bir halda hansısa ölkənin işğala təslim olmasını arzulamır. Bakı ilə Moskva arasında münasibətlərin hansı vəziyyətdə olmasından asılı olmayaraq, Azərbaycanın bununla bağlı mövqeyində hansısa dəyişiklik olmayacaq.
Rusiya iki ölkə arasında münasibətlərin pozulmasını meydana gətirən şərtlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atmalıdır. Söhbət təyyarəmizin vurulması və ondan sonra baş verənlərdən, davamlı şəkildə aparılan anti-Azərbaycan təbliğatından, soydaşlarımızın saxlanılmasından, iş adamlarımıza hücumlardan gedir. Bütün bunlar dayandırılacaqsa, o zaman iki ölkə münasibətləri normallaşacaq. Azərbaycan maraqlı deyil ki, Rusiya ilə münasibətlər gərgin olsun”.













