Ukraynada davam edən müharibə fonunda dörd ilə yaxındır ciddi siyasi və hərbi dalana dirənən Rusiya postsovet məkanına yönəlik sərt ritorikasını davam etdirir.
Moskva bir tərəfdən cəbhədəki vəziyyətlə məşğul olduğu halda, digər tərəfdən keçmiş sovet respublikalarına açıq və ya dolayı mesajlar göndərməkdən çəkinmir. Bu dəfə diqqətçəkən açıqlama Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindən gəlib.
Diplomat “Sputnik Armenia”ya verdiyi müsahibədə Cənubi Qafqazla bağlı iddialı və bir qədər də hədələyici səslənən fikirlər səsləndirib. O bildirib ki, regionda baş verən proseslər Moskva üçün strateji əhəmiyyət daşıyır. Kopırkinin sözlərinə görə, Rusiya Cənubi Qafqazdan nə fiziki, nə də siyasi baxımdan çəkilə bilər və bunu planlaşdırmır, çünki “Rusiya Qafqaz dövlətidir”.
Səfirin bu açıqlaması təkcə şəxsi mövqe deyil, birbaşa Kreml xəttinin ifadəsi kimi qiymətləndirilir.
Məhz buna görə də ortaya bir sıra suallar çıxır: bu mesaj kimə ünvanlanıb və hansı məqsədi daşıyır? Cənubi Qafqazda hansı ölkə bu bəyanatı daha ciddi siqnal kimi qəbul etməlidir? Rusiyanın regiondan getməyəcəyini xüsusi vurğulaması yeni siyasi və ya hərbi qərarların anonsudurmu?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədli qeyd edib ki, Cənubi Qafqaz regionu Rusiya üçün strateji baxımdan çox mühüm əhəmiyyət daşıyır və Moskva bu bölgədən geri çəkilmək niyyətində deyil:
“Rusiya çalışır ki, Ermənistanın Qərbə inteqrasiyası onun maraqlarına təhdid yaradacaq dərəcədə genişlənməsin. Rusiya İrəvana qarşı sərt mövqe sərgiləməyəcək, çünki bilir ki, Ermənistan ondan asılı ölkədir. Əgər Qərbə inteqrasiya Rusiyanın qırmızı xətlərini keçərsə, o zaman Ermənistanla münasibətlərdə siyasət dəyişə bilər”.
Ekspert bildirb ki, Gürcüstan indi Rusiya ilə münasibətlərini qaydasına salır, bu da Qərb üçün İrəvanın alət kimi əhəmiyyətini artırır, çünki bölgədə onun maraqlarını təmin edəcək tək ölkə Ermənistandır:
“Bundan sonra Qərbin Ermənistan üzərindən daha çox oyun oynamasının şahidi olacağıq. Qərb Ermənistana təzyiqlərini artıracaq, bu da İrəvanın Rusiya ilə münasibətlərində problemləri böyüdə bilər.
Bir sözlə, Rusiya tarixində ilk dəfə Cənubi Qafqazda heç olmadığı qədər zəifləmiş vəziyyətlə üzləşib, lakin bununla barışmayacağı məlumdur. Ukrayna müharibəsinin başa çatması gözləntiləri Rusiyaya beynəlxalq təcriddən çıxmaq və başda Cənubi Qafqaz olmaqla, post-sovet məkanına daha çox diqqət ayırmaq perspektivi vəd edir.
Lakin açıq qalan sual var: Rusiya bölgədə əvvəlki üstünlüyünü təmin edə bilcəkmi? Bu, bir qədər çətin görünür.
Əvvəla, əsas forpostu olmuş Ermənistanda siyasi və hərbi rıçaqları yetərincə zəifləyib: 102-ci baza mövcud olsa da, artıq Rusiyanın təhlükəsizlik çətirinə alternativlər var. Digər tərəfdən, Qarabağ münaqişəsi mövcud olmadığı üçün Azərbaycana strateji təzyiq aləti də qalmayıb, eyni zamanda, Türkiyə faktorunun bölgədə güclənməsi Moskvanı Bakı ilə münasibətlərdə iki dəfə düşünməyə vadar edir. Həmçinin Gürcüstanda mövqelərini müəyyən qədər yaxşılaşdırsa da, alternativ oyunçularla, xüsusilə Çinin timsalında, qarşılaşır: Abxaziya və Cənubi Osetiya Moskva-Tiflis xəttində strateji problem olaraq qalmaqdadır; Mövcud mənzərədə Rusiyanın Cənubi Qafqazda əvvəlki üstünlüyünü bərpa etmək imkanları məhdud görünür”.










