Rusiyalı dinşünas məscidlərin ermənilər tərəfindən təhqir edilməsini pisləyibbackend

Rusiyalı dinşünas məscidlərin ermənilər tərəfindən təhqir edilməsini pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vəziyyət, əlbəttə, üzücüdür. Bu 30 il ərzində bir çox abidə, o cümlədən də pravoslav abidələri dağıdılıb. Anladığım qədəri ilə, bütün şəhərlər dağıdılıb, heç kim onların qorunması barədə düşünməyib. Ümid edirəm ki, indi onların bərpası ilə ciddi məşğul olacaqlar”.

NOCOMMENT xəbər verir ki, bunu Report-un Rusiya bürosuna müsahibəsində Ümumdünya Rus Xalq Şurasının (ÜRXŞ) insan hüquqları mərkəzinin rəhbəri, dinşünas Roman Silantyev deyib.

“Ümumdünya Rus Xalq Şurasının insan hüquqları mərkəzi olaraq biz də öz tərəfimizdən vəziyyəti izləyəcəyik. Yalnız xristian deyil, həm də Azərbaycan ziyarətgahlarının zərər gördüyü faktdır. Bütün bunlar qiymətləndirilməlidir. İmkan olan kimi şəxsən oraya getmək, real durumu öz gözlərimlə görmək istərdim. Vəziyyəti obyektiv qiymətləndirməyə hazıram”, – deyə o bildirib.

“Bildiyim qədərilə, ən qısa müddətdə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin bu ərazilərə birgə səfəri planlaşdırılır. Bunun nə zaman olacağını söyləmək çətindir. Ümid edirəm ki, bu, ilin sonunda baş verəcək”, – ÜRXŞ-nin mərkəz rəhbəri söyləyib.

R.Silantyev erməni işğalçıları tərəfindən məscidlərin təhqir edilməsini pisləyib: “İkili standart olmamalıdır. Məscidlərdən belə istifadə etmək heç ağıllı fikir deyildi. Ola bilsin, o insanlar o torpaqlarda əbədi yaşayacaqlarını düşünürdülər, amma məlum oldu ki, bu, belə deyil. Gərək azərbaycanlıların Bakıdakı erməni kilsəsinə qarşı nümayiş etdirdikləri hörməti göstərəydilər. Bakıdakı erməni kilsəsi normal vəziyyətdə saxlanılıb, nə vaxtsa xalqlar barışdıqda yenidən istifadə oluna biləcək haldadır. Bu, müdrik mövqedir. Vaxtilə Şeyxülislam bu məsələdə şəxsən təşəbbüskar olmuş və səhv etmirəmsə, 2010-cu ildə erməni katalikosunu Bakıdakı erməni kilsəsinə aparıb hər şeyi olduğu kimi göstərmişdilər”.

“Mən bütün məbədlərə və abidələrə bərabər münasibət göstərilməsinin tərəfdarıyam. Abidələrə, əsirlərə qarşı hörmətcil münasibət xalqlar arasında real barışığın əsasını qoyur. Amma qəbirlər, məbədlər, əsirlər, meyitlərinin üzərində təhqiramiz addımlarla bağlı kadrlar olduğu zaman barışmaq çox çətindir. Bütün bunlara son qoyulmalıdır”, – deyə dinşünas fikrini tamamlayıb.