Rusiyanın federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl (təxminən 11 milyard ABŞ dolları), 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış 2025-ci il və 2026-2027-ci illər planı dövrü üçün federal büdcə haqqında qanunda qeyd olunub.
Sənədə görə, federal büdcənin gəlirləri 2025-ci ildə 40,296 trilyon rubl (təxminən 680 milyard manat), 2026-cı ildə 41,84 trilyon rubl və 2027-ci ildə 43,154 trilyon rubl proqnozlaşdırılır. Xərclər 2025-ci ildə 41,469 trilyon rubl, 2026-cı ildə 44,022 trilyon rubl, 2027-ci ildə isə 45,915 trilyon rubl səviyyəsində gözlənilir.
Beləliklə, federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl, 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.
İnflyasiya səviyyəsinin 2025-ci ildə 4,5 %, 2026 və 2027-ci illərdə isə 4 % olacağı proqnozlaşdırılır.
Dövlət daxili borcunun yuxarı həddi 1 yanvar 2026-cı il tarixinə 29,385 trilyon rubl, 2027-ci il üçün 34,046 trilyon rubl, 2028-ci il üçün 39,004 trilyon rubl təşkil edəcək. Dövlət xarici borcunun yuxarı həddi 1 yanvar 2026-cı il tarixinə 61,1 milyard dollar (55,5 milyard avro), 1 yanvar 2027-ci il tarixinə 59,2 milyard dollar (53,4 milyard avro), 1 yanvar 2028-ci il tarixinə 56,5 milyard dollar (50,9 milyard avro) olacaq.