Rusiyanın AZAL-a məxsus təyyarənin vurulmasına münasibəti – olmayan imicin itirilmə qorxusu – ŞƏRHbackend

Rusiyanın AZAL-a məxsus təyyarənin vurulmasına münasibəti – olmayan imicin itirilmə qorxusu – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qazaxıstanda yaradılmış araşdırma komissiyasının Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı ilkin hesabatı dərc olunduqdan sonra belə günahını etiraf etməyə tələsmir.

Təbii ki, imperiya təfəkkürü – Rusiya imperiyası, sonradan SSRİ dövrü görən rəsmi Moskva müstəqilliklərinin 34-cü ilində belə keçmiş sovet respublikalarını özünə bərabər görə bilmir və belə hallarda sivil dövlətlərin atdığı addımları ağlından belə keçirmir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, əslində ən düzgün yol rəsmən üzr istənilməsi, kompensasiya ödənilməsi və günahkarların cəzalandırılmasıdır. Üzr istənilməsi heç bir dövlətin nüfuzuna xələl gətirmir. Rusiya bu addımı atacağı təqdirdə imic baxımından heç nə itirməyəcəkdi. Amma etiraf etmək lazımdır ki, 2022-ci il fevralın 24-dən sonra “Rusiya” və “imic” anlayışları tərs mütənasibdir.

Təyyarə qəzası ilə bağlı ilkin hesabatın ən əsas məqam ondan ibarətdir ki, aviareysi həyata keçirən “Embraer 190-100 IGW” uçuşa tam yararlı olub. Hava gəmisi Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnalları itirib. Kapitan Bakıya qayıtmaq barəsində qərar verdikdən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səs gəlib. Hesabata əsasən, hidravlik sistemlər funksionallığını itirib və sıradan çıxıblar. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən, kor zədələrin olması faktı aşkar olunub və zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb.

Rusiya tərəfinin israr etdiyi təyyarənin quşlarla toqquşması versiyası da hesabatda təkzib edilib. Rusiya tərəfinin təkzib edilən digər versiyası isə guya qəzaya oksigen balonunun partlamasının səbəb olduğudur.

Hesabatda qeyd olunan ən vacib məqamlardan biri isə həmin hava məkanında “Kovyor” əməliyyatının təyyarə vurulduqdan sonra elan edilməsidir.

Rəsmi Bakı israrla Rusiyaya qarşı haqlı tələblər irəli sürdükcə bu ölkənin media məkanında anti-Azərbaycan meyilləri gücləndi. Müxtəlif telegram-kanallar, mətbuat orqanları eyni mərkəzdən aldıqları tapşırıqlar əsasında Azərbaycana qarşı yazılar dərc etməyə başladılar. Təqdim olunan materiallarda rəsmi Bakının, araşdırma komissiyasının ilkin hesabatını təkzib edən tutarlı arqumentlər yer alsaydı, bunu sivil polemika kimi də qəbul etmək olardı. Amma bu istiqamətdə dərc olunan yazılarda yalnız Bakının hansı cürətlə Rusiyaya qarşı tələb irəli sürdüyü əsas istiqamətdir. Sadə dillə desək, biz etdiyimizi etmişik, siz isə səsinizi çıxartmayın.

Bundan başqa təbliğatçılar təyyarənin məhz “Pansir”lə vurulması faktını şübhə altına almaq istəyirlər və Bakının niyə belə əmin olması ilə bağlı sual verirlər. Əslində isə məsələ “Pansir” və ya “qeyri-Pansir”də deyil. Məsələnin mahiyyəti mülki təyyarənin Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən atəşə tutulmasıdır.

Hələ hesabatdan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirmişdi ki, komissiyanın nəticələri rəsmi Bakının ilkin versiyasından fərqlənəcək. Nəticələr elan olunduqdan sonra Lavrovun simasını görmək maraqlı olardı.

Komissiyanın hesabatına münasibət bildirməyi isə rəsmi Moskva özünə ar bilir. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin araşdırmanın ilk nəticələrini şərh etmək xahişinə cavab olaraq araşdırmanın başa çatmasını gözləməyə çağırıb.

Təəccüblü deyil ki, eyni mövqedən “Rosaviasiya” da çıxış edib. Qurum açıqlamasında bildirib ki, guya hesabatda hadisənin səbəbləri ilə bağlı nəticələr yoxdur. Belə hallarda Azərbaycanda “bişmiş toyuğun gülməyi gəldi” deyirlər. Təyyarənin GPS sisteminin sıradan çıxarılması, füzelyajda çoxsaylı dəlib keçən və kor zədələrin olması və zədələrin kənar obyektlərin təsiri nəticəsində yaranması ifadələri nəticə deyil, bəs nədir?

Rusiya tərəfi bununla bağlı araşdırmanın tam başa çatmasından sonra danışmağın düzgün olduğunu deyir. Bu isə bir il deməkdir. Yəni o vaxta qədər kim ölə, kim qala… Digər tərəfdən, bir ildən sonra araşdırma birmənalı olaraq Rusiyanın günahını qeyd etsə də, rəsmi Moskvanın bunu etiraf edəcəyini gözləmək sadəlövhlükdür. Donbas üzərində Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı araşdırma tam başa çatıb, Rusiyanın birmənalı olaraq günahını üzə çıxarsa da, rəsmi Moskva qəti olaraq nəticələri qəbul etmədi.

SSRİ-nin ən pis ənənələrini davam etdirən Rusiya Federasiyası başqa cür davrana da bilməz. 1983-cü ildə SSRİ üzərində Cənubi Koreyanın sərnişin təyyarəsinin vurulma faktına sovet rəhbərliyinin münasibəti hazırda da rəsmi Moskvanın mövqeyi ilə analojidir.

İstənilən halda Azərbaycan bu məsələdə tam haqlıdır. Rusiya bu məsələni etiraf etsə də, etməsə də, indi ötən əsrin 90-cı illəri deyil ki, Azərbaycanı informasiya blokadasına salsınlar. Rəsmi Bakı sözünü deməyə beynəlxalq platforma tapmaq iqtidarındadır və bundan sonrakı addımları gözləmək lazımdır.