Rusiyanın yeni planı: Bu, Ermənistanın sonu deməkdir – Müsahibəbackend

Rusiyanın yeni planı: Bu, Ermənistanın sonu deməkdir – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hələ də anlamaq istəmir ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi alver və siyasi demaqogiya artıq yoxdur. Bu olmadığına görə də, Qarabağ ərazisində olan istənilən silahlı erməni potensial terrorçu hesab ediləcək. Çünki onların məqsədi Azərbaycan vətəndaşlarına qarşı terror aktı törətməkdir. Bu baxımdan, Rusiya sülhməramlıların üzərinə düşən vəzifələr də var. Onlar birmənalı olaraq, öz vəzifə səlahiyyətlərini tam yerinə yetirməli, öz funksiyalarını sonadək icra etməli və həmin şəxsləri çox qısa vaxtda tərksilah etməlidirlər. Çünki onlar potensial təhlükə mənbəyi olaraq qalırlar”.

NOCOMMENT.az jurnalist Elçin Alıoğlunun müsahibəsini təqdim edir:

– Sərhədlərin müəyyənləşdirilməsi prosesinin Qazax istiqamətində davam etdirildiyi bildirilir. Bu, Qazaxın işğal altında olan 7 kəndinin Azərbaycana təhvil verilməsi məsələsini gündəmə gətirib. Sizin bu yöndə gözləntiniz nədir?

– Bu məsələyə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda nəqliyyat xətlərinin bərpası kontekstindən baxmalıyıq. Çünki sovet dönəmində fəaliyyət göstərmiş Bakı-İcevan və İcevandan Noyenbryan rayonuna gedən dəmir yolu indi də öz aktuallığını və effektliliyini qoruyur. Lakin Ermənistan otuz ildir işğalçılıq siyasəti yürütdüyü üçün həmin dəmir yolu işləmirdi. Noyabrın 10-da imzalanmış üçtərəfli anlaşma həmin kommunikasiyaların və ya marşrutların bərpasını özündə ehtiva edir. Buna görə də Qazaxın işğal altında olan kəndləri mütləq şəkildə azad olunmalıdır. Bu, eyni zamanda sərhədlərin demarkasiya və delimitasiyası prosesinin tərkib hissəsidir. Ermənistan rəhbərliyi bu məsələni mümkün qədər uzatmağa, süni maneələr yaratmağa və nəticədə siyasi alver predmetinə çevirmək istəyir. Amma bu, yolverilməzdir və buna imkan verilməyəcək. Kommunikasiyaların açılması və yolların normal hala düşməsi bizim yox, Ermənistanın marağındadır. İrəvan da aqressiv mövqeyini kənara qoyaraq real işlərə başlamalıdır.

– Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli anlaşma imzalandıqdan sonra bildirildi ki, Qarabağdakı separatçı silahlı birləşmələr çıxarılacaq. Amma hələ də bu yöndə bir tərpəniş yoxdur. Bu proses nə zaman başlaya bilər?

– Ermənistan bundan siyasi alver predmeti kimi istifadə etmək istəyir. Məqsəd İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Ermənistanın Şirak və Masis bölgələrindən Dağlıq Qarabağa göndərilmiş hərbçilərin – Azərbaycanda terrorçu kimi həbs edilmiş həmin şəxslərin geri alınmasıdır. Buna görə də, Ermənistan bu prosesi də mümkün qədər uzatmağa çalışır. Hazırda Rusiya sülhməramlılarının operativ nəzarət funksiyalarını həyata keçirdiyi ərazilərdə yüzlərlə erməni silahlısı var. Bu silahlılar özlərini gah “erməni ordusu”, gah “könüllülər”, gah da “yaşayış məntəqələrini qoruyan dəstələr” adlandırırlar. Necə adlandırılmasından asılı olmayaraq, onlar qanunsuz silahlı dəstələrdir və Azərbaycan ərazisindədir.

Ermənistan hələ də anlamaq istəmir ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi alver və demaqogiya artıq yoxdur. Bu olmadığına görə də, Qarabağ ərazisində olan istənilən silahlı erməni potensial terrorçu hesab ediləcək. Çünki onların məqsədi Azərbaycan vətəndaşlarına qarşı terror aktı törətməkdir. Bu baxımdan Rusiya sülhməramlılarının üzərinə düşən vəzifələr də var. Onlar birmənalı olaraq, öz vəzifə səlahiyyətlərini tam yerinə yetirməli, funksiyalarını sonadək icra etməli və həmin şəxsləri çox qısa vaxtda tərksilah etməlidirlər. Çünki onlar potensial təhlükə mənbəyi olaraq qalırlar.

Yaxınlarda Qarabağın dağlıq hissəsində – Xankəndində hərbi çağırış adı altında yeni hərbi heyətin formalaşması bəyan edildi. Lakin onlar başa düşmürlər ki, Ağdamdakı birgə monitorinq mərkəzi baş verən prosesləri diqqətlə izləyir. Eyni zamandaĺ həmin şəxslər təhlükə mənbəyi olduğu üçün Azərbaycan istənilən an antiterror əməliyyatlarına başlayaraq, həmin şəxsləri tərksilah edə bilər. Bunu “ordu” adlandırmaq isə absurdluğun ən pik həddidir. Çünki onların nə ağır zirehli texnikaları, nə iriçaplı atıcı silahları, nə hava hücumundan müdafiə sistemləri var. Onların sadəcə yüngül atıcı silahları, minaatanları və pulemyotları mövcuddur, yəni onlar ordu sayılmır. Onlar sadəcə silahlı milis dəstələri sayıla bilər ki, bu da yalnız Azərbaycanın icazəsi və müvafiq göstərişindən sonra formalaşdırıla bilərdi. Amma indi biz Azərbaycan ərazilərindəki qanunsuz silahlı dəstələrdən danışırıq, onlar indi hərbi hədəf sayıla bilər və sayılmalıdır.

– Ermənistandan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin çəkilməsinin mümkünsüzlüyü barədə rəsmi açıqlamalar verilir. İddia edirlər ki, bununla bağlı anlaşma yoxdur və ya mövcud razılaşmalarda bu məsələ yer almayıb. Ermənistan Azərbaycanın bu plana mane ola bilərmi?

– Qətiyyən buna mane ola bilməz. Üçtərəfli bəyanatda bu şəkildə aşkar şəkildə yazılıb. Bu nəqliyyat dəhlizinə ilkin dövrdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri nəzarət edəcək. Ermənistan heç bir halda bu razılaşmanı poza bilməz. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, İrəvan bu anlaşmanı yerinə yetirməlidir. Əks halda, Ermənistan birmənalı şəkildə bəyan edir ki, o, Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmət etmir və həmin imzanı heçə sayır. Eləcə də Azərbaycan prezidentinin… Bu isə o deməkdir ki, Ermənistan üçtərəfli bəyanatı pozur. Beləliklə, Azərbaycan həmin anlaşmasının pozulmasını nəzərə alaraq, Qarabağın yerdə qalan hissəsinin silahlı terrorçulardan təmizlənməsi hüququnu özündə saxlayır. Məsələ bu qədər bəsitdir.

– Ermənistanda silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın istefası ətrafında gərgin mübahisə var. Müxalifət Paşinyanı hədələyir ki, Qasparyan istefaya göndərilsə, buna adekvat cavab veriləcək. Siz bu məsələ ətrafındakı gəlişmələr haqda nə düşünürsünüz?

– Onik Qasparyan Nikol Paşinyanın kreaturası olub. Qasparyanı baş qərargah rəisi Paşinyan təyin edib və dünənə qədər onun ən sadiq adamlarından biri idi. Lakin indi Rusiyadakı erməni diasporunun vədlərinə aldanaraq, tam əks mövqe tutub. Onik Qasparyan heç bir halda ciddi hərbçi, taktik və strateq deyil. İkinci Qarabağ Müharibəsində onun necə baş qərargah rəisi olduğunu hamımız gördük. İndi Onik Qasparyan Paşinyanı devirməyə çalışanların əlində bir alətdir. O, heç bir halda Ermənistanın milli qəhrəmanı olmayıb və olmayacaq.

Ermənistanın müxalif “Vətəni Xilas Hərəkatı”nın baş nazirliyə vahid namizədi, 74 yaşlı sabiq müdafiə naziri Vazgen Manukyan da ciddi və kreativ fiqur deyil. Manukyan aralıq fiqur sayılır. Həm Qasparyan, həm də Manukyan eks-prezident Robert Köçəryanın hakimiyyətə gətirilməsi üçün aralıq mərhələlər hesab olunur. Yəni, onlar əsas rolu oynamırlar. Qasparyanın istefasına gəldikdə, Ermənistan prezidenti bunun üçün Konstitusiya Məhkəməsinə müraciət etməli idi və etdi. Bununla prosesi mümkün qədər uzatmağa, Paşinyanın istəyinə əngəl olmağa çalışırlar.

Erməni müxalifəti bildirir ki, ordu birmənalı şəkildə Onik Qasparyanı dəstəkləyir. Bu, ağ yalandır. Qasparyanı yalnız əslən Qarabağdan olan generallar və Qarabağda olan zabitlər dəstəkləyir. Ermənistan ordusundakı aşağı və orta səviyyəli zabitlərdən heç biri Qasparyanı dəstəkləmir. Çünki ona nifrət edirlər. Son illərdə Ermənistan ordusundakı korrupsiya, oğurluq, rüşvət, mənimsəmə və digər cinayət hallarının səbəbkarları öz cəzalarını almayıb. Qasparyan da həmin mexanizmin bir hissəsidir. Yəni, Onik Qasparyan şərəfi bir zabit olmayıb və deyil.

– Ümumiyyətlə, Ermənistanda gedən proseslər hansı nəticələrlə yekunlaşacaq?

– Proseslər Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnəcək, amma bu, tezliklə baş verməyəcək. Hakimiyyətə kimin gəlməsi məndə sual doğurmur. Çünki indi Rusiya və oradakı erməni diasporu Köçəryanı hakimiyyətə gətirməyə çalışır. Köçəryanın hakimiyyətə gəlməsi, Ermənistanın sonu olacaq. Ermənistan onsuz da müstəqil ölkə deyildi, Rusiya onu Cənubi Qafqazdakı forpostu sayır. Köçəryan hakimiyyətə gələrsə, Ermənistan tamamilə Rusiyanın quberniyasına çevriləcək və ermənilər “müstəqil Ermənistan” ifadəsinu unutmalı olacaqlar. İndi Ermənistanda cəmi 3 milyon erməni var. 7 milyon erməni ölkədən kənarda yaşayır. Son hesablamaya görə, Rusiyadakı ermənilərin sayı Ermənistandakı ermənilərin sayından artıqdır. Buna görə də, “Ermənistan” deyəndə, iki Ermənistan nəzərdə tutmalıyıq. Bir səfil, bədbəxt və zəlil Ermənistan dövləti var, bir də Ermənistandan kənarda yaşayan dövlətdən çox dövlət olmağa çalışan erməni diasporu var. Ermənistanın taleyini də, bədbəxt, işsiz və yoxsul ölkə vətəndaşları yox, həmin diaspordakı ermənilər müəyyənləşdirir.

Yaxın günlərdə ermənilərin populyar Feysbuk səhifələrindən birində “Hakimiyyətdə kim olmalıdır?” adlı bir sorğu keçirilmişdi. Həmin sorğuda 44 min erməni iştirak etmişdi. Səs verənlərin 43 min nəfəri Ermənistandan kənarda yaşayan ermənilərdir. “Üçüncü müharibə olacaq” kimi sərsəm bəyanatlar verənlərin hamısı Ermənistandan kənarda yaşayırlar. Ermənistanda yaşayan ermənilər müharibə istəmirlər. Onlar görürlər ki, iqtisadiyyat çöküb, ordu yoxdur. Bir faktı deyim: indi Zəngəzurdakı yaşayış yerlərinin əksəriyyəti işğaldan azad edilmiş ərazilərdən heç nəyi ilə fərqlənmir. Həmin viran qoyulmuş yaşayış yerləri, infrastrukturun yoxluğu və s. Yəni, Ermənistan öz gələcəyini qurmaq istəyirsə, oturub düşünməlidirlər. Əgər düşünmək hüququnu könüllü şəkildə diaspora veriblərsə, onda gərək birinci özləri Ermənistanla vidalaşsınlar. /Teleqraf