Erməni əsgərlərinin rus sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən Qarabağa göndərilməsinə hələ də son qoyulmayıb. Azərbaycanın Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama versə də, görünür, düşmən və onun müttəfiqi olan qonşu Rusiya xəbərdarlığı ciddiyə almır. Üstəlik, Rusiya yenidən Ermənistana silah göndərməyə başlayıb.
Üçtərəfli razılaşman tərəflərinin bu sayaq davranışına Azərbaycan dövlət başçısının “CNN Türk”ə verdiyi müsahibəsində də etiraz bildirilib.
Maraqlıdır, görəsən, Rusiya sülhməramlı mövqeyində çıxış etdiyi halda, niyə Ermənistanı silahlandırmağa ehtiyac duyur? Bəlkə, Ermənistanı Qarabağda “revanş”a hazırlayır?
NOCOMMENT xəbər verir ki, mövzu barədə yenisabah-a danışan tanınmış politoloq Fikrət Sadıqov deyib ki, Ermənistana heç bir dövlət təhlükə yaratmır, ümumiyyətlə, ortada belə bir plan da yoxdur: “Bir sıra xarici qüvvələr, o cümlədən Rusiya indiyədək Ermənistanın başından sığallayır, nədənsə müdafiə edir, hətta hansısa münaqişəyə hazırlayır. Görünür, Ermənistan bundan sonra da Rusiyanın əlaltısı kimi Cənubi Qafqazda öz vəzifəsini-for-post funksiyasını yerinə yetirməlidir. Yəqin, burada Ermənistanı bir təhlükə mənbəyi kimi görürlər.
Amma reallıq odur ki, Azərbaycan 44 günlük müharibədən sonra sülh sazişini imzalamağı, delimitasiyanı təklif edib. Yəni Azərbaycan tərəfindən bütün təşəbbüslər irəli sürülüb. Bu fonda Rusiyanın Ermənistana silah verməsi və bundan sonra onu daha da silahlandırması regionda sülhün və təhlükəsizliyin yaranmasına böyük problemlər yaradır. Çünki Azərbaycan heç vaxt öz ərazilərini təhlükə altına salmayacaq”.
Fikrət Sadıqov Ermənistan silahının bizə qarşı istifadə oluna bilməyəcəyini qeyd edib: “Çünki biz bunun qarşısını almaq gücündəyik və həmişə alacağıq. Əgər Ermənistan qırmızı xətti keçəcəksə, təxribatlar davamlı xarakter daşıyacaqsa və bu özlüyündə Azərbaycan qoşununa, əsgərlərinə, təhlükə yaradacaqsa, onlar adekvat cavab alacaqlar. Biz həmişə buna hazırıq. Artıq təcrübəmiz də var. Ərazimizi ona görə azad etməmişik ki, yeni bir təhlükə altına salaq”.