Rüşvətə görə tutulan vəzifəli şəxsə hökm oxunubbackend

Rüşvətə görə tutulan vəzifəli şəxsə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan sabiq baş mühasibi Pərviz İsgəndərov və onun tanışları – Qalib Ələsgərovla Malik Nəsirova hökm oxunub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə P.İsgəndərov 9 il 6 ay, Q.Ələsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Q.Ələsgərovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həbs olunub.

Digər təqsirləndirilən M.Nəsirov isə 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

Xatırladaq ki, DSMF-nin Cəlilabad rayon şöbəsinin sabiq baş mühasibi P.İsgəndərov və tanışları 2020-ci ilin may ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində P.İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. Daha sonra onun və tanışları Q.Ələsgərovla M.Nəsirovun digər cinayət əməlləri üzə çıxıb.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P.İsgəndərovun barəsində həbs qətimkan tədbiri, Q.Ələsgərovla M.Nəsirovun barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.