Sabiq icra başçısı “Yeni Klinika”ya köçürüldübackend

Sabiq icra başçısı “Yeni Klinika”ya köçürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev Yeni Klinikada müalicə alır.

NOCOMMENT.az Musavat.com-a istinadən xəbər verir ki, koronavirusa yoluxan sabiq başçının vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq icra başçısının cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. İstintaq Təcridxanasından daxil olan bildirişdə V.Hacıyevin ağciyərlərində pnevmoniya aşkarlandığı qeyd edilib. Sabiq başçı əvvəlcə müalicə müəssisəsinə sonra isə Yeni Klinikaya köçürülüb.
Xatırladaq ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.