Sabirabad rayonunun Azadakənd kəndində yerləşən İbrahim Məmmədov adına tam orta məktəb qəzalı vəziyyətdədir.
NOCOMMENT.az -ın bölgə müxbirinin verdiyi xəbərə görə, uzun illər əvvəl inşa olunan təhsil müəssisəsinin binasında ciddi aşınmalar müşahidə olunur.
Məlumata görə, məktəbin divarlarında çatlar əmələ gəlib, tavan və dam örtüyü istismar müddətini başa vurub.
Yağıntılı havalarda sinif otaqlarına su sızması halları qeydə alınır ki, bu da həm şagirdlər, həm də müəllimlər üçün təhlükə yaradır.
Hazırda məktəbdə tədris prosesi davam etsə də, mövcud vəziyyət valideynlər və pedaqoji kollektiv arasında ciddi narahatlıq doğurur. Onlar məktəb binasının əsaslı təmirə və ya yenidən tikintiyə ehtiyacı olduğunu bildirirlər.
Qeyd edək ki, kənd məktəbinin qəzalı vəziyyətdə olması təhsilin keyfiyyətinə də mənfi təsir göstərir. Sakinlər aidiyyəti qurumlara müraciət edərək problemin tez bir zamanda həllini gözlədiklərini bildiriblər.











