Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin elan etdiyi tender yekunlaşıb.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata əsasən, elan edilən tender əşya və geyim formasının satın alınması ilə bağlı olub və tenderin qalibi “Smart Style” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1304571891) olub.
Tərəflər arasında 1.367.832,4 AZN dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, 5 000 AZN nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Xaniyev Rahim Rəvvaq oğludur. Şirkət 15 iyul 2016-cı ildə təsis edilib. Təsis edildiyi zaman şirkət 10 AZN nizamnamə kapitalına malik olub. Daha sonradan isə şirkətin nizamnamə kapitalı 10 AZN-dən 5 000 AZN-ə qaldırılıb. Təsis edildiyi zaman şirkətin qanuni təmsilçisi Lazımov Babalar Faiq oğlu olub.
Adıçəkilən şəxlər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Dövlət satın almaların vahid internet portalından əldə etdiyimiz məlumata əsasən, “Smart Style” MMC 2019-cu ildən bəri sadəcə 5 tenderdə qalib gəlib. Və şirkətin qalib gəldiyi bütün tenderləri elan edən tərəf eynidir: Fövqəladə Hallar Nazirliyi
Həmin müqavilələri təqdim edirik:
1. 02 dekabr 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi ilə 260.072 AZN-lik müqavilə (Havalandırma sistemi üçün cihaz və avadanlıqların satın alınması)
2. 05 noyabr 2020-ci ildə yenə FHN-nin Maddi-Texniki Təchizat İdarəsi ilə 296.961,68 AZN-lik müqavilə (Yumşaq inventarların satın alınması)
3. 10 avqust 2021-ci ildə eyni idarə ilə 2.723.394,45 AZN-lik müqavilə (Zabit heyəti (kiçik və yuxarı heyət) üçün gündəlik geyim dəstləri və şəxsi heyət üçün müxtəlif növ əşya-geyimlərin satın alınması)
4. 10 noyabr 2021-ci ildə yenə FHN-nin Maddi-Texniki Təchizat İdarəsi ilə 259.049,41 AZN-lik müqavilə (Xüsusi sifarişli geyimlərin satın alınması)
5. 27 fevral 2025-ci ildə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi ilə 1.367.832,4 AZN-lik müqavilə (Əşya və geyim formasının satın alınması).\\Valyuta.Az