Danılmayan bir gerçəkdir ki, ali məktəbə hazırlaşan bir çox abituriyent repetitor yanına gedərək ali təhsil müəssisəsinə qəbul olunr. Ancaq çox vaxt həmin şagirdlərin uğuru məktəbin uğuru kimi təqdim edilir.
Bəs görəsən, bu doğru yanaşmadırmı? Şagirdin nəticəsi müəllimin, məktəbin uğur göstəricisi olmalıdırmı?
NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasıda bildirib ki, təəssüf ki, bu gün abituriyentlərin bir çoxu müəllim yanına hazırlıqlara gedərək qəbul imtahanlarından uğur qazanırlar.
“Artıq ənənəyə, yazılmamış qanuna çevirilib ki, “ali məktəbə qəbul olmaq istəyən abituriyent mütləq hazırlığa getməlidir. Əgər getməsə o, ali məktəbə daxil ola bilməyəcək”.
Əgər məktəbdə müəllim şagirdi hazırlaşdırır və o uğur qazanırsa, bu uğuru həmin müəllimin, məktəbin uğuru hesab etmək olar, amma şagird başqa müəllimin yanına hazırlığa gedib uğur qazanırsa, bu uğur məktəbin yox, abituriyenti hazırlaşdıran şəxsin uğurudur.
Yalnız bu fərqi nəzərə alaraq, şagirdin uğurunun kimə məxsus olduğunu söyləmək olar. Baxmaq lazımdır ki, həqiqətən şagird məktəbdə, yoxsa hazırlıqda öyrəndiklərinə əsasən universitetə qəbul olunub.
Repetitor məsələsinə yanaşarkən həmin reallığı və məqamı mütləq nəzərə almalıyıq. Ancaq ümumilikdə götürsək, deyə bilərik ki, ali məktəbə qəbul nəticələrində repetitorluğun böyük rolu var. Müəllim abituriyenti hazırlaşdırırsa, onun üçün can qoyursa, zəhmət çəkibsə, bu başqa məsələdir, yox əgər bunları etməyibsə, ancaq “Şagirdin uğuru mənimdir”,- kimi çıxış edirsə, yalnış yanaşmadır”.