2015-ci ildəki devalvasiyadan sonra 10 ildir ki, sahibkarlıq sahəsində yoxlamalar uzadılır. Hazırda isə müddətin 2026-cı il yanvarın 1-nə qədər uzadılması qərara alınıb. Sahibkarlıq sahəsində yoxlamaların hər il müddəti bir il artırılaraq uzadılması biznesə necə təsir edir?
NOCOMMENT.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, yoxlamaların dayandırılması ümumilikdə müsbət qərardır:
“Çünki hazırda qeyri-neft sektoru ciddi problemlərlə üz-üzədir. Bu qərar qeyri-neft sektorunda fəaliyyət göstərən bizneslərə dəstək məqsədilə tətbiq edilir. Dövlət orqanlarının yoxlama etikası və keyfiyyəti hələ də arzuolunan səviyyədə olmadığı üçün, bu qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilir”.
X.Kərimlinin sözlərinə görə, yoxlayıcı orqanların iş prinsiplərində ciddi nöqsanlar var. Zamanla bunlar da aradan qalxmalıdır:
“Yoxlamalar zamanı əsas məqsəd bizneslərin inkişafına dəstək olmaq və ya istehlakçı hüquqlarını qorumaqdan daha çox, müəyyən qüsurlar tapıb cərimələr tətbiq etməklə məhdudlaşır. Bu yanaşma, bir tərəfdən bizneslər üçün əlavə çətinliklər yaradır, digər tərəfdən də dövlətin inzibati idarəetmə sistemindəki problemlərin olduğunu göstərir. Bu kimi problemlərin də aradan qalxmasına ehtiyac var”.