Ermənistanda sığınacaq tapan keçmiş separatçı rejimin qalıqları növbəti təhlükəli, avantürist təxribata start veriblər. Belə ki, keçmiş separatçı rejimin “rəhbəri” olmuş Samvel Şahramanyan iddia edib ki, vaxtilə imza atıb ləğv etdiyi separatçı xuntanın buraxılması barədə sənəd “konstitusiyaya ziddir”. Ardınca da, Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini deyib, hətta yenidən Qarabağı işğal etməkdən də bəhs edib.
“Böyük ümidimiz var ki, vətənimizə qayıdıb uğur qazanacağıq. Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmimizdədir. Bu problemi həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komitə yaradılıb. Biz mütəmadi olaraq görüşür və mümkün qaytarılma məsələlərini müzakirə edirik. Hazır olmalıyıq. Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”, – deyə o bəyan edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Şahramanyan ilk dəfə deyil ki, bu cür təxribatçı bəyanatlar səsləndirir. Bu ilin mart ayında Fransanın “Le Fiqaro” nəşrinə müsahibəsində iddia etmişdi ki, qondarma rejimin buraxılması qərarını separatçı soydaşlarının həyatını xilas etmək məqsədilə atıb.
Şübhəsiz ki, bu avantüra Şahramanyanın öz beyninin məhsulu deyil. Bu cəfəngiyyatın arxasında kənar qüvvələrin durduğuna şübhə yoxdur. Çox güman ki, onu bu bəyanatı səsləndirməyə Qərb dövlətləri və erməni lobbisi məcbur edir. Rusiyanın müxtəlif dairələrini də bura daxil etmək olar. Bu sırada Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də var. Yəni sistemli şəkildə Azərbaycana qarşı hücuma start verilib.
Ehtimal etmək olar ki, bu məkrli planı icra edənlərin sırasında baş nazir Nikol Paşinyan dayanmır. Çünki hakimiyyətə separatçılara dəstək sərf etmir. Son mətbuat konfransında baş nazir buna açıq şəkildə toxunub. O, Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin, indi separatçı rejimin bəzi keçmiş nümayəndələri tərəfindən formalaşdırılan məntiqlə, geri qayıtmasının real olmadığını bildirib. Deyib ki, Qarabağda qanunsuz separatçı qurumun ləğvi ilə bağlı fərman imzalayan və oranı təcili tərk edən şəxslər indi geri qayıtmaqdan danışırlar: “Mənim özümü ötən il ermənilərin Qarabağı və Şərqi Zəngəzuru tərk etməsinə maneə törətməkdə günahlandırırdılar, indi isə insanların ora qayıtmasına mane olduğuma görə mənə irad tuturlar”.
Paşinyan vurğulayıb ki, qondarma rejimin ləğvindən bir qədər əvvəl orada “hakimiyyət” dəyişikliyi baş verib və bu, Ermənistandakı məlum dairələr (müxalifət qüvvələrini nəzərdə tutur) tərəfindən dəstəklənib.
Erməni avantürasının arxasında, şübhəsiz ki, müəyyən çirkin planlar gizlənir. İlk növbədə, Qarabağdan “iti qovan kimi” qovulan separatçı rejimin tör-töküntülərindən ibarət “hökumət” qurmağa çalışılır. Azərbaycan buna simmetrik cavab verməli idi və verib də. Qərbi Azərbaycan İcması son bəyanatında mühacirətdə hökumət qurula biləcəyini gündəmə gətirib. İcma Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılması işinə başlamaq niyyətində olduqlarını bildirib. Bəyanatda mühüm məsələlərdən biri də qurumun yeni seçilmiş parlamentdə Qərbi Azərbaycana qayıtmaq üçün komissiya yaratmaq məqsədi ilə respublikanın Milli Məclisinə müvafiq müraciət göndərmək təşəbbüsüdür.
Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda, həmçinin sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamaları pislənilib. O cümlədən, Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pislənilib.
Beləliklə, bəyan edilib ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlanacaq.
Qeyd edilənlər bir sıra vacib addımların atılmasını zəruri edir. İlk növbədə, artıq mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişib. İkincisi, azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Üçüncüsü, Qərbi Azərbaycandan olan, qaçqın həyatı yaşamış, hətta körpə olarkən valideynləri ilə çıxmağa məcbur olmuş deputatlar daha fəal olmalıdırlar.
Sonuncu parlamentdə bununla bağlı xüsusi komissiyanın yaradılması məsələsinə də baxılsa, yaxşı olar.
Sonda Ermənistan və onun havadarlarının diqqətinə bir incə məqamı da çatdırmaq istərdik. Nə məsələdirsə, ermənilər hər ilin sentyabrında sanki “qəflət yuxusu”ndan ayılır və Azərbaycana qarşı hərəkətə keçirlər. 2020 və 2023-cü illərin sentyabrında da bu cür hərəkətlərə şahid olmuşuq.
Lakin bütün bu təxribatlar separatçılar və onların tör-töküntülərinin Azərbaycan torpaqlarından əbədi qovulması ilə nəticələndi. Növbəti belə avantüra da məhz sentyabrda səslənib. Lakin unudurlar ki, növbəti cavab zərbəsi – “dəmir yumruq” İrəvan hökumətinin sonunu yaxınlaşdıracaq. Bu səbəbdən də yaxşı olardı ki, rəsmi İrəvan, eləcə də revanşizm eşqinə düşənlər odla oynamağı dayandırsınlar.