Böyük Britaniya şahzadəsi Endrü York hersoqu titulundan imtina edəcəyini elan edib.
NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentlik qeyd edir ki, bu, onun davranışı və cinsi cinayətlərdə ittiham edilmiş mərhum amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinin tənqidindən sonra baş verib.
Kral Çarlzın kiçik qardaşı və mərhum Kraliça II Elizabetin ikinci oğlu Endrünun nüfuzuna son illərdə, ilk növbədə, Epsteynlə əlaqələrinə görə ciddi zərbə dəyib. Keçən il məhkəmə qərarı ilə də məlum olub ki, Britaniya hökuməti onun yaxın biznes tərəfdaşlarından birini Çin casusu hesab edir. O zaman Endrü həmin iş adamı ilə bütün əlaqəni kəsdiyini bildirib.
Endrü öz bəyanatında bildirib ki, onun ünvanına yağdırılan daimi iddialar böyük qardaşı Kral Çarlzı işindən və Britaniya kral ailəsinin daha geniş fəaliyyətindən diqqəti yayındırır.
“Mən, həmişə olduğu kimi, ailəmə və ölkəmə qarşı öhdəliklərimi birinci yerə qoymağa qərar verdim. İctimai həyatdan uzaqlaşmaq barədə beş il əvvəl verdiyim qərarı bir daha təsdiq edirəm. Əlahəzrətin razılığı ilə hesab edirik ki, mən daha bir addım atmalıyam. Ona görə də mən bundan sonra mənə verilən fəxri ad və rütbələrdən istifadə etməyəcəyəm. Əvvəllər də bəyan etdiyim kimi, mənə qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edirəm”, – deyə Endrü vurğulayıb.
“Reuters” xəbər verir ki, titullardan imtina etmək qərarı kral ailəsinin yüksək səviyyəli üzvləri ilə müzakirələrdən sonra qəbul edilib. Kral ailəsindəki mənbənin sözlərinə görə, kral bu nəticədən razı qalıb.
65 yaşlı Endryu taxtda növbədə səkkizinci şahzadə hesab olunurdu. O, bir vaxtlar parlaq dəniz zabiti hesab olunurdu və 1980-ci illərin əvvəllərində Argentina ilə Folklend müharibəsi zamanı hərbi xidmətdə qulluq etmişdi.
Lakin 2011-ci ildə o, Britaniyanın ticarət səfiri vəzifəsindən istefa vermək 2019-cu ildə bütün kral öhdəliklərindən imtina etmək məcburiyyətində qaldı. 2022-ci ildə cinsi qısnama iddiaları fonunda hərbi rütbələrindən və kral himayəsindən məhrum olundu. Yeri gəlmişkən, o, sonuncu iddiaları inkar edirdi.
Elə həmin il o, məhkəmə prosesi ilə sövdələşmə bağladı. Bu proses aprel ayında vəfat edən Virciniya Cuffrenin təşəbbüsü ilə başlamışdı. Qadın şahzadəni yeniyetmə ikən ona cinsi təcavüz etməkdə ittiham edirdi. Endryu isə onun iddialarını təkzib edirdi. Lakin bu məsələ ötən həftə mCuffrenin memuarının dərci ilə yenidən gündəmə gəldi.
Xatirə SADİQ













