Dünyanın ən böyük elektrikli avadanlıq istehsalçısı olan “Samsung Electronics” bu ilin sonuna qədər işçilərinin 30%-ni ixtisar etməyi planlaşdırır.
NOCOMMENT.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Söhbət texnoloji nəhənginin xarici bölmələrinin əməkdaşlarından gedir. Satış və marketinq üzrə mütəxəssislər 15 faiz, inzibati heyət isə 30 faiz ixtisar ediləcək.
Şirkətin son hesabatına görə, 2023-cü ilin sonunda “Samsung”da ümumilikdə 267,8 min nəfər işləyib və onların yarısı, yəni 147 mini xaricdə çalışıb.
Bildirilib ki, planlaşdırılan ixtisarlar ciddi tənəzzülə uğrayan və mənfəəti son 15 ilin minimum səviyyəsinə enən şirkətin rəqiblərinə nisbətən daha ləng toparlanması ilə bağlı ola bilər. Analitiklər smartfon və kompüterlərə tələbatın zəiflədiyini əsas gətirərək şirkət üçün gəlir təxminlərini azaldıblar.