Şanxayda bu muzeyin ilk beynəlxalq filialı açılacaqbackend

Şanxayda bu muzeyin ilk beynəlxalq filialı açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səkkizillik hazırlıqdan sonra Şanxayda “Center d’Art Rodin” adlı özəl muzey açılır. Hadisə iki ölkənin – Fransa və Çinin diplomatik əlaqələrin 60 illiyini qeyd etdiyi bir vaxta təsadüf edir.

NOCOMMENT.az xarici mətbuata istinadla xəbər verir ki, yeni qurum fransalı-çinli incəsənət kolleksiyaçısı U Tszinin rəhbərlik etdiyi şura tərəfindən özəl qaydada maliyyələşdiriləcək. Şanxay filialı “Expo 2010” üçün tikilmiş Fransa pavilyonunda yerləşəcək.

Parisdəki “Musée Rodin”in direktoru Ameli Simye 2023-cü ilin aprel ayında U Tszin ilə müqavilə imzalayıb və “Le Monde” nəşrinə bildirdiyinə görə, bu, törəmə şirkət deyil, Paris muzeyindən müstəqil olan özəl bir mərkəzdir”.

Şanxay filialına bədii rəhbər Konq Syanhe rəhbərlik edəcək. O, sərginin proqramlaşdırılmasında əməkdaşlıq edəcəyi Fransa institutundan tədqiqat və kurasiya üzrə dəstək alacaq. Konq Syanhe “Post” nəşrinə bildirib ki, fransız muzeyi Şanxay şəhərini onun mədəni əhəmiyyəti və parlaq incəsənət səhnəsi, eləcə də iqtisadi və şəhərsalma potensialına görə ilk beynəlxalq filialı üçün seçib.

“Şanxayda Roden İncəsənət Mərkəzinin açılışı Rodenin bədii ruhunu və nailiyyətlərini nümayiş etdirmək, Roden ilə Çin arasındakı əlaqəni və qarşılıqlı yaxınlığı vurğulamaq məqsədi daşıyan fransız-Çin mədəni mübadiləsinin müstəsna nümunəsidir”, – deyə Konq Syanhe bildirib.

1840-cı ildə Parisdə anadan olan Ogüst Roden klassik ənənələri ilk pozan və adi insan əzablarını, sevgisini və fiziki zəifliyini əks etdirən fiqurlar yaradan XIX əsrin məşhur heykəltəraşıdır.

“Centre d’Art Rodin”də “Roden: Müasir Heykəltəraşlıq İrsi” adlı açılışda Rodenin təxminən əlli heykəli nümayiş olunacaq. Sərgi iki il davam edəcək. Əsərlərə 1904-cü il “Mütəfəkkir”in və 1877-ci il “Bürünc dövrü”nün gips variantları, həmçinin 1882-ci il “Öpüş” və 1907-ci il “Yürüyən adam”ın bürünc versiyaları daxil olacaq. Həmçinin Rodenin tələbələri Antuan Burdell və Aristid Mayol, eləcə də Rodenin müəllimi Alber-Ernest Karrie-Bellezin otuza yaxın əsəri nümayiş etdiriləcək.

Sərgiyə Rodenin əvvəllər nümayiş etdirilməyən Çin incəsənət kolleksiyası yekun vuracaq. Qiymətli əşyalar arasında Quanyin heykəlciyi, Tan sülaləsinə aid terrakot fiqurları, Min və Tszin sülalələrinə aid çini məmulatlar yer alacaq.