Şaxtalı və soyuq havada işə getməyən və ya gecikənlərə güzəşt nəzərdə tutulub? – RƏSMİ AÇIQLAMAbackend

Şaxtalı və soyuq havada işə getməyən və ya gecikənlərə güzəşt nəzərdə tutulub? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda soyuq və şaxtalı havada işə gedə bilməyən və ya gecikən vətəndaşlara qanunvericiliklə hər hansı güzəştin nəzərdə tutulub-tutulması maraqla qarşılanır.

NOCOMMENT “BAKU.WS”yə istinadən bildirir ki, havaların kəskin soyuq keçməsi zamanı vətəndaşlara müəyyən problemlər yaranmasını nəzərə alaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.

Qurumdan bildirilib ki, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır:

“İşçilər havanın temperaturu ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara Əmək Məcəlləsinin 233-cü maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Fasilələrin müddəti işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. İş dayandırıldıqda isə boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir.

Qarlı və şaxtalı hava günlərində işə getməyən və ya gecikən işçilər üçün əmək qanunvericiliyində hər hansı güzəşt və imtiyazlar nəzərdə tutulmayıb. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi qeyd olunan hallarla bağlı işəgötürənlərə tövsiyyələr edilir. Həmçinin, bu sahədə hüquqları pozulmuş və bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş işçilərin müraciətləri əsasında araşdırmalar aparılır. Hüquqları pozulmuş işçilərin hüquqlarının bərpa olunması ilə əlaqədar müvafiq addımlar atılır, işəgötürənlərə göstəriş və ya tövsiyyə məktubları göndərilir”.