Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.
NOCOMMENT.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən xəbər verilib.
Bildirilib ki, Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri davam etdirilir.
AYNA, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları qeyd olunan yolda monitorinqlər keçiriblər. Monitorinqlərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə qısamüddətli həll olaraq işıqforların quraşdırılması və yol hərəkətinin yenidən təşkili barədə qərar qəbul edilib. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib. Qısa vaxtda təqdim edilmiş həll test rejimində işə salınıb.
Ərazidə nəqliyyat axınlarının monitorinqi həyata keçiriləcək.