Səbuhi Səlimov Həsən Amili ilə niyə görüşüb? – SEPAH-a gedən yol…backend

Səbuhi Səlimov Həsən Amili ilə niyə görüşüb? – SEPAH-a gedən yol…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəmə prosesi keçirilib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahidlərin ifadələri səslənib.

Məhkəməyə şahid kimi dəvət edilmiş Azərbaycan İslam Partiyasının haızrkı sədri Elçin Manafov SEPAH-la münasibətlərdən danışıb.

Elçin Manafov əvvəlcə ifadəsində deyib ki, Partiyanın sədri Mövsüm Səmədovun müavini olub. 2011-ci ildə Mövsüm Səmədov həbs olunandan sonra sədrlik vəzifəsi ona verilib. Səbuhi Səlimovu 2000-ci illərin əvvəlində namaza o dəvət edib. 2011-ci ildə partiyanın sədri Mövsüm Səmədov həbs olunanda sədrlik birinci müavin Elçin Manafova keçib. O da Səbuhi Səlimovu özünə sürücü götürüb. Bir neçə il əvvəl Səbuhi Səlimov ürək əməliyyatına görə İrana gedəndə Elçin Manafov ona Ərdəbilin imamı Həsən Amilinin nömrəsini verib. Deyib ki, xəstəxana xərclərinə “sponsorluq” edəcəklər. İranda Həsən Amili ilə görüşən Səbuhi Səlimov onun vasitəsiylə SEPAH rəhbərlərindən olan Ağayi Cabbarla da görüşüb (İttihama görə, Səbuhi Səlimov həmin vaxt və sonralar SEPAH rəhbərlərindən təlimatlar alıb).

Daha sonra Elçin Manafov qısa ifadə verib. O deyib ki, Azərbaycandan İrana islam tədbirlərinə gedənlərə SEPAH tərəfindən əməkdaşlıq təklifləri olub. İrandakı “dostlar” Azərbaycandan gedənlərə müxtəlif cür köməkliklər ediblər. Hakimin “Seyid Həsən Amili kimdir?” sualını cavablandıran şahid deyib ki, o, Ərdəbilin imamıdır: “Səbuhi ürək əməliyyatına gedirdi, vasitəçilik elədim. Dedim, get, İranda yaxın adamlar var, əməliyyata maddi köməklik edəcəklər”.

O deyib ki, onların telefon danışıqlarda əhəmiyyətli heç nə olmayıb: “Səbuhi mənə başına gələnləri danışıb, mən də demişəm ki, boş ver, onlar hamıya belə təklif edirlər, fikir vermə. İrana gedənlər deyirdi ki, hoteldə qalanda gəlib təklif edirlər, mən də deyirdim, əhəmiyyət verməyin.

İranda İslam tədbirləri olurdu, çağırırdılar, gedirdik.”

O hakimin “dediniz ki, sizə dəstək olurdular, kim, necə dəstək olurdu?” sualına cavabında “SEPAH… Hamı bilir, əvvəllər partiyaya çox gizli müraciətlər ediblər ki, maddi köməklik edək”, – deyə bildirib.

Hakim: – Siz nə edirdiniz?

Şahid: – Məsələn, Fransada “Quran”ı yandırmışdılar, bizə deyirdilər ki, aktiv olun, çıxın etirazınızı bildirin…

Elçin Manafov sualları cavablandırarkən vurğulayıb ki, İrana hansısa tədbirə gedəndə SEPAH-a bağlı şəxslər onların yol xərclərini ödəyiblər, İranda qaldıqları günlərdə maşın xidməti göstəriblər.

Səbuhi Səlimovsa Elçin Manafovun cavablarına əsəbiləşib: “Kömək eləmədilər, əməliyyat olunmadım, elə ancaq danışdılar, mən onların əlindən qaçdım oradan… Dedim, mən gedirəm, nə vaxt kömək etmək imkanınız olsa, xəbər edərsiniz, gələrəm, əməliyyat olunaram. Çıxdım gəldim evimə, bir il keçdi, onlardan səs çıxmadı, mən də özüm pul topladım, getdim, əməliyyat olundum”.

Prokuror Elçin Manafova Səbuhi Səlimovun İsrail, Ermənistan və ABŞ bayraqlaını yandıraraq videogörüntüsünü SEPAH-a göndərməsiylə bağlı sual verib.

Şahid sualı belə cavablandırıb: “O görüntünü onlara göndərməkdə Səbuhinin məqsədi o idi ki, yəni təkcə İsrailin yox, Ermənistanla ABŞ-nin də bayrağını yandırmaq lazımdır. Yəni siz də belə eləyin”.

Elçin Manafovla sorğu-sual bitəndən sonra hakim növbəti məhkəmə iclasında şahid qismində Mehman Rzayevin dindiriləcəyini elan edib. Bu şəxs iki il əvvəl Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuş ilahiyyatçı İlham Əliyevlə bərabər DTX tərəfindən həbs olunaraq dövlətə xəyanətdə ittiham edilib. Ötən ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə İlham Əliyev 16, Mehman Rzayevsə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaranda təsis edilib. 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın qurucularından olan Hacı Kəblağa 1998-ci ildə, Partiya sədrinin müavini Hacı Vaqif Abdullayev isə 2012-ci ildə həbsxanada vəfat edib. 2007-ci ildə Partiyanın sədri seçilmiş Mövsüm Səmədov 2011-ci ildə İrana casusluqla ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib, siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir.