Sədr əlil qadına təcavüz edib? – RƏSMİ AÇIQLAMAbackend

Sədr əlil qadına təcavüz edib? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi İmdad oğlu Mehdiyevin 2-ci qrup əlil Rəna Hacıyevaya təcavüz etdiyi iddia edilib.

NOCOMMENT.az xəbər verir ki, axar.az-a müraciət edən Rəna Hacıyeva bildirib ki, hadisə 2015-ci ildə baş verib və elə ondan sonra da Mehdi Mehdiyevin psixoloji və mənəvi təzyiqlərinə məruz qalıb:

“Mən 2-ci qrup əliləm, onkoloji xəstəlikdən əziyyət çəkirəm və insulindən asılı şəkərli diabet xəstəsiyəm. 2015-ci ildə Mehdi İmdad oğlu Mehdiyev mənə təcavüz edib, o vaxtdan da məni alçaltmaqla məşğuldur. Onun əməlləri ilə bağlı Ombudsman Səbinə Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişəm. Həmçinin Bakı Şəhər Prokurorluğuna, Baş Prokurorluğa da rəsmi şikayət ərizəsi ilə müraciətim olub.

Lakin mənim müraciətimə rəsmi münasibət bildirilmir. Mehdi Mehdiyev və oğlu İslam Mehdiyev məni dəfələrlə təhdid edib. Hətta M.Mehdiyev zorlanma faktını açacağım təqdirdə məni maşınla vurub öldürəcəyini deyir”.

Rəna Hacıyev onu da iddia edib ki, Mehdi Mehdiyev ondan asılı olan şəxsləri yalançı şahid qismində məhkəməyə gətirərək saxta ittihamlarla onun barəsində cinayət işi açılmasına nail olub:

“Mehdi Mehdiyev ondan maddi cəhətdən asılı olan şəxsləri, ailə üzvlərini, yaxın qonşularını yalançı şahid qismində təqdim edib. Xüsusi ittihamla, mənim tərəfimdən guya təhqir edildiyini iddia edib. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov əsassız olaraq mənə 9 ay əmək islah işləri cəzası kəsdi. M.Mehdiyev 5 ildir məni alçaldır. Sosial şəbəkələrdə barəmdə iyrənc böhtanlar paylaşır. Dəfələrlə təşkilatına gedərək mənə qarşı iyrənc kampaniyaya son verməsini xahiş etmişəm. Amma yenə də davam etdiyi üçün Nəsimi Məhkəməsinə yenidən müraciət etdim. Hətta onun ailəsinin yanına da getdim. Həyat yoldaşı Könül Mehdiyevaya, oğlu İslam Mehdiyevə, qızı Çinarə Mehdiyevaya vəziyyəti bildirmişəm. Onlar isə “Mehdi ilə bacarmırıq” deyiblər”.

Rəna Hacıyeva həmçinin qeyd edib ki, bir neçə il əvvəl Mehdi Mehdiyevin qardaşı İlyas Mehdiyev 90 yaşlı atasını öldürərək meyitini yandırıb. Hətta bununla bağlı 2018-ci il Xəzər TV-də süjet də yayımlanıb. Zərərçəkmiş xanım Mehdi Mehdiyevin də ciddi psixoloji problemləri olduğunu deyib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Axar.az-ın rəsmi sorğusuna cavab olaraq bildirib ki, Rəna Hacıyevanın iddiası ilə bağlı Prokurorluğa müraciət edilib:

“Rəna Hacıyevanın Ombudsmana ünvanlanmış eyni məzmunlu müraciətinə baxılıb və məsələ ilə bağlı aidiyyəti prokurorluğa müraciət edilib, nəticəsi barədə Rəna Hacıyevaya 18 avqustda 2/13956-20 saylı məktubla cavab verilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə bildirib ki, Rəna Hacıyevanın müraciəti əsasında hüquq-mühafizə orqanlarına məktub göndərilib:

“Ötən ilin oktyabr ayında Rəna Hacıyeva tərəfindən komitəyə müraciət daxil olub. Nəsimi rayon məhkəməsində bu işə baxılıb. Dövlət komitəsi tərəfindən bununla bağlı sözügedən şəxsə dəstək göstərilməsi xahiş edilib. Bu ilin mart ayında Rəna xanımın müraciəti əsasında yenə də hüquq-mühafizə orqanlarına tərəfimizdən məktub göndərilib. Eyni zamanda bu il Rəna xanımın daha bir müraciəti əsasında iyulun 19-da yenidən hüquq-mühafizə orqanlarına məktub göndərilərək, məlumatın təsdiqi tapacağı halda müvafiq tədbirlərin görülməsi və bu işlə məşğul olunması xahiş edilib. Hazırda isə bu zorakılıq iddiasının təsdiqini tapması barədə heç bir fakt yoxdur”.